İqtisadiyyat

Ötən il açılışı olan “ASAN Xidmət”də kanalizasiya xətti yoxdur…

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “BIO FOOD” MMC (VÖEN – 1904136021) şirkəti olub.

Müsabiqənin şərtinə görə “BIO FOOD” MMC 2023-cü il ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Ümumilkdə 3 508 ton çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” “BIO FOOD” MMC-yə 17 540 manat ödəyəcək.

“BIO FOOD” MMC 23.08.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Suraxanı rayonu, Yaşayış sahəsi V (Yeni Günəşli qəs.), ev 24, m. 84” olaraq göstərilir. Qanuni təmsilçisi isə Cavadov Davud Nicabir oğludur.

Açıq internet resurslarında “BIO FOOD” MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil.

Onu da qeyd edək ki, 2 saylı “ASAN Xidmət” Mərkəzi Gəncə şəhərinin əsas küçələrindən olan Nizami Gəncəvi prospektində yerləşir və yaxınlıqda çoxsaylı dövlət və özəl qurumlara məxsus obyektlər yerləşir. Lakin, maraqlıdır ki, çirkab suları axıdılma üsulu (kanalizasiya xətti) ilə deyil çəkilmə (quyulardan) və daşınma üsulu ilə təmizlənir.

Agentlikdən bildirilib ki, buna səbəb Mərkəzin yerləşdiyi prospektdə kanalizasiya xəttinin olmamasıdır.
Qeyd edək ki, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılış mərasimi ötən il yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Bənzər yazılar

Back to top button