Siyasət

Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi təyin edilib

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi vəzifəsinə Murad Nəcəfbəyli təyin edilib.

Müvafiq sərəncamı aprelin 12-də baş nazir Əli Əsədov imzalayıb, bu barədə Turan-a Nazirlər Kabinetindən bildiriblər.

Peşəkar diplomat olan Nəcəfbəyli Azərbaycanın Estoniyada və İsveçrədə səfiri idi.

2022-ci ilin mayında prezident İlham Əliyev Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə baş nazirin müavini Şahin Mustafayevi təyin edib. Ermənistan tərəfindən də belə bir komissiya yaradılıb.

Həmin vaxtdan etibarən Azərbaycan və Ermənistan dövlət komissiyalarının üç görüşü keçirilib – mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə.

Amma tərəflər hələ də sərhədin delimitasiyası ilə bağlı mahiyəti üzrə danışıqlara başlamayıblar.

Bənzər yazılar

Back to top button