GündəmSiyasət

AŞPA həmməruzəçiləri Ağdam şəhərinə səfər edib

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen azad olunmuş Ağdam şəhərinə səfər edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi dağıntılar, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

“Həmməruzəçilərə bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Burada sənaye və kənd təsərrüfatı inkişaf edib. 1993-cü il iyulun 23-də Ağdamı işğal edildikdən şəhərdə və rayonun kəndlərində evlər, ictimai binalar, məktəblər, mədəniyyət ocaqları, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri talan edilib, dağıdılıb və yandırılıb”, deyə məlumatda qeyd edilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, həmməruzəçilər Ağdam şəhərinin mərkəzi küçəsində yerlə-yeksan etdilmiş binaların qalıqlarına, həmçinin Ağdam şəhərindəki qəbiristanlıqda dağırdılmış qəbirlərə baxıb.

Həmməruzəçilər Ağdama səfərləri ilə bağlı hələ şərh verməyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məlumatına görə, bu qurumun Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qreynqer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) iyunun 3-dən 7-dək Azərbaycanda faktaraşdırıcı səfərdə olacaq.

Həmməruzəçilər AŞPA-nın 2184 (2017) Qətnaməsinin qəbulundan sonra ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.

“Həmməruzəçilər Bakıda Prezident Administrasiyasının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, habelə ədliyyə orqanlarının nümayəndələri ilə görüşəcək. Parlamentin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçiriləcək. Səfər zamanı həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək”, deyə məlumatda qeyd edilir.(Turan)

Bənzər yazılar

Back to top button