GündəmHadisə

“Deyirlər ki, bizdə əsgərləri var, dəyişib balanızı sizə təhvil verəcəyik” – Video

“Mənim balamı nə olsun ki, ermənilər paylaşıb, görürəm ki, sağdır. Onun əlinə çörək verib çəkiblər. Bəlkə, sonra o çörəyi təpikləyib balamın əlindən alıblar? Bəlkə, bir az yubansa, balamı sağ verməyəcəklər? Mən buna dözə bilmərəm”.

Bunları əsir düşdüyü bildirilən hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Meydan TV-yə deyib.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə saatlarında Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçunun yolu itirərək azdığı haqda məlumat verib.
“Oğlumu görüm, ölsəm də, qəm yemərəm. Bir valideynin istəyi nə ola bilər ki? Uşağına qovuşsun”, – atası Qabil Bəbirov deyib.

Ailələr isə aprelin 5-dən etibarən övladlarının postdan yoxa çıxdığı xəbərini alıb.

“Yuxarıda müraciət etdiklərimiz deyirlər ki, narahat olmayın, bizdə əsgərləri var, biz əsgərləri dəyişib, balanızı sizə təhvil verəcəyik. Bu, məni ana kimi heç cür sakitləşdirmir. Çünki mən heç kimə arxayın ola bilmirəm. Bir həftədir mənim yoldaşıma Naxçıvanda da o söz deyilir, gəlir evə”, – D.Bəbirova bildirib.

Ermənistan mətbuatı yazır ki, Naxçıvanla həmsərhəd olan Bnunis kəndi ərazisinə iki azərbaycanlı keçib, birini kənd sakinləri tutublar, digərini tapmayıblar. Sakinlər deyirlər ki, gecə saatlarında qapını döyən iki maskalı şəxs mülki geyimdə olub. Kəndlilərə heç bir zərər verməyiblər. Sözügedən kənd Azərbaycan ordusunun mövqelərindən təxminən 20 kilometr aralıda yerləşir.

18 yaşlı Aqşin Bəbirovun ailəsi 9 ayın əsgəri olan oğullarının itkin düşməsinin səbəbini anlamağa çalışır.
İtkin düşən digər hərbçi Hüseyn Axundovun hazırda harada olması barədə heç bir xəbər yoxdur. Hər iki ölkənin Müdafiə Nazirlikləri hərbçinin axtarışlarına davam etdiklərini bildirib.

Bənzər yazılar

Back to top button