Hadisə

Avropa Məhkəməsi Azərbaycan hökumətinin 38 ərizəçiyə 75 min avro ödəməsi barədə qərar qəbul edib

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 38 şikayət üzrə 4 qərarı elan edib və hökumətin üzərinə ərizəçilərə 75 min avro təzminat ödəmək öhdəliyi qoyub. Bu barədə Turan-a Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarını monitorinq qrupunun rəhbəri Xalid Ağəliyev bildirib.

“Hüseynov və başqaları Azərbaycana qarşı” işində altı ərizəçi – Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifağa Abdullayev, Rəmzi Şıxəliyev və Mətanət Mahmarzayeva sərbəst toplaşmaq və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət ediblər.

Müxtəlif illərdə onlar etiraz aksiyalarında saxlanılıb. Dostca anlaşmaya görə, hökumət ərizəçilərin hər birinə 2850 avro ödəməyi öhdəsinə götürüb.

“Ümman Səfərov və başqaları Azərbaycana” qarşı işində ərizəçilər ədalətli məhkəmə araşdırması, eləcə də şəxsi toxunulmazlıq hüququnun pozulmasından şikayətləniblər. Hökumət “Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nurizadəyə təzminat olaraq 2250 avro, digər 19 ərizəçiyə isə 1250 avro ödəyəcək.

NİDA Vətəndaş Hərəkatının üzvü olan Ümman Səfərov 2017-ci ildə Gəncədə polisə tabe olmamaq ittihamı ilə 15 gün müddətinə həbs edilmişdi.

“Şahlar Həsənov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər ədalətli məhkəmə araşdırması və şəxsi toxunulmazlıq hüququnun pozulmasından şikayətləniblər.

Dostca anlaşmaya əsasən, hökumət Əliyevə 1250 avro, Hüseynov və Həsənovun hər birinə 2250 avro ödəməlidir.

Əliyev 2019-cu ildə sosial şəbəkələrdə Xırdalan qəbirstanlığında baxımsız məzar daşlarının sökülməsi, həmin qəbir yerlərinin başqalarına satılması barədə materiallar paylaşıb.

“Usuf Əbulov Azərbaycana qarşı” işində o və digər 8 ərizəçi sərbəst toplaşmaq və şəxsi toxunulmazlıq hüququnun pozulmasından şikayətləniblər. Tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət Abulov və dini fəal Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək.

Bənzər yazılar

Back to top button