İqtisadiyyatManşet

“Yaxşı layihədir, korrupsiya olmasa”

Prezident İlham Əliyev aprelin 12-də dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Hələ 2010-cu ildə prezident Nazirlər Kabinetinin iclasında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı lazım olan tədbirlərin görülməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırmışdı.

Azərbaycanda 2013-cü ildən suyun duzsuzlaşdırılması ilə məşğul olan artıq bir zavod da fəaliyyət göstərir. Rəsmi məlumata görə, Salyan rayonunun Xıdırlı kəndində duzsuzlaşdırma kompleksi hazırda gündəlik 2 min kubmetr həcmində su təmizləyir. Həmin su yaşıllıqların suvarılmasında istifadə olunur.

2022-ci ildə Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə yeni zavodun yaradılması bəyan edilib. Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İsrailin “I.D.E. Water Assets Ltd” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu da imzalanıb.

Dünyanın bəzi ölkələrində suyun duzsuzlaşdırılması geniş tətbiq olunur. Maldiv və Bahama adaları suya tələbatının 100 faizini, Səudiyyə Ərəbistanı 50 faizini suyun duzsuzlaşdırılması hesabına ödəyir. İsrail isə bu sahədə lider hesab olunur. Əvvəllər belə suyun qiyməti bir kubmetrə görə İsraildə 2 dollar olsa da, hazırda qiymət 45 sentdir (76 qəpik).

Azərbaycan su ehtiyatları ən az olan ölkələrdən biridir.

Mövzu ilə bağlı Nazirlər Kabineti və ya başqa aidiyyəti qurumlarla danışmaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Aydın Hüseynov “Turan”a deyib ki, birinci növbədə mövcud su resurslarından səmərəli və müasir texnologiyaların tətbiqi ilə istifadə etmək vacibdir: “Su-kanalizasiya sistemlərinin əksəriyyətində sızmalar var. Bununla da çox böyük su itkilərinə yol verilir”.

Deputatın sözlərinə görə, bəzi sahələrdə texniki sudan istifadə etmək lazımdır: “Yəni, biz içməli suyu həm texniki məqsədlər üçün istifadə edirik, maşınyuma yerlərində maşınları, küçələri içməli su ilə yuyurlar. Bu məqsədlər üçün texniki sudan çox geniş istifadə etmək lazımdır. Digər tərəfdən, yağış sularından istifadə üsulunu da tapmaq lazımdır”.

Hüseynov prezidentin Xəzər suyunun duzsuzlaşdırılması ilə bağlı sərəncamını düzgün addım adlandırır: “Çünki dünya praktikasında bu, özünü təsdiq etmiş bir yanaşmadır. Təbiətin bizə verdiyi ən böyük neməti -Xəzər dənizinin suyunu texniki proseslərdən keçirməklə texniki və digər məqsədlərlə istifadə etməliyik”.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli də AzadlıqRadiosuna bildirib ki, su qıtlığının aradan qaldırılması həm hökumətin, həm ölkə vətəndaşlarının üzərinə düşür: “Alternativ su mənbələrinin yaradılması ilə bağlı tədbirlər görülməlidir. Azərbaycanda elə ərazilər var ki, orada çox ciddi şəkildə yeraltı su ehtiyatları mövcuddur. Füzuli və Ağdam ərazisində hələ işğaldan əvvəl dövrdə kəhrizlər var idi. Bir kəhriz bir kəndinin su tələbatını ödəyə bilirdi. Kür və Araz boyunca ərazilərimizdə də kifayət qədər yeraltı su mənbələrimiz var. Biz indi onlardan istifadə edə bilərik. Amma, digər tərəfdən də, vətəndaşlarımız suya qənaət etməlidir”.

Xəzər dənizinin sularınin duzsuzlaşdırılmasına gəlincə, Hüseynli də hesab edir ki, bu, yaxşı layihədir: “Amma bir şərtlə: əgər dövlət sərmayəni uğurlu şəkildə yatırsa, korrupsiya olmasa və, doğrudan da, bu işi səmərəli təşkil etsə, biz Xəzər dənizindən şirin su əldə edə bilərik”.

O vurğulayıb ki, dəfələrlə ölkədə bir sıra zavodların açılması ilə bağlı məlumatlar verilib: “Məsələn, velosiped zavodu, piano zavodunu açırlar, bir müddət sonra bağlanır, dövlət də buna böyük vəsait xərclədi. Yəqin, 2013-cü ilin suyun duzsuzlaşdırılması layihəsi özünü doğrultmadı ki, yeni bir layihəyə ehtiyac oldu”.

Bənzər yazılar

Back to top button