Hadisə

“Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov saxlanılıb

Martın 3-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov saxlanılıb və ikinci gündür ki, yaxınları fəalın təqib olunmasının səbəblərini bilmirlər. Bu barədə Turan-a hərəkat fəalları məlumat veriblər.

Abbasov martın 3-də saat 17:30-a yaxın iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Yaxınlarının sözlərinə görə, ancaq bu gün onlar Abbasovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənə biliblər. Lakin saxlanılan şəxsin ailə üzvlərinə telefon etməsinə imkan verilmir, ailəyə saxlanma səbəbləri açıqlanmır.

Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, Abbasov bundan öncə də dindarların hüquqlarını müdafiə etdiyinə görə iki dəfə mühakimə olunub. Belə ki, 2012-ci ilin oktyabrında məktəblərdə hicab qadağasına etiraz aksiyasında iştirak etdiyinə görə bir il müddətinə həbs edilib.

2017-ci ildə Abbasov qanunsuz narkotik maddə və silah saxlamaqla bağlı uydurma ittihamla həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Fəallar bildiriblər ki, əksinə, Abbasov gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı maarifləndirmə işi aparır, Quran kursları təşkil edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button