GündəmManşetSiyasət

Vaşinqtonda Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb.

Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb.

General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, bundan öncə Ramiz Tahirov Vaşinqtonda ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Çarlz Braunla danışıqlar aparıb. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, tərəflər hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri sisteminə hava hücumundan müdafiə qüvvələri də daxildir.

Bənzər yazılar

Back to top button