GündəmManşetSiyasət

Azərbaycan bayrağının yandırılması ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb

Aprelin 14-də Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılışı mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb.

Azərbaycan bayrağına bu cür münasibət “milli nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş nümayişkaranə hərəkətlər” kimi qiymətləndirilir.

Bayrağın yandırılması ilə bağlı istintaq Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zorakılıq tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (ölkə hüdudlarından kənarda xarici vətəndaşlar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycana qarşı milli nifrət və düşmənçiliyin salınması), 12.2, 324 (Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər) maddələrilə aparılır.

Qeyd edək ki, 12.2-ci maddə Azərbaycanın hüdudlarından kənarda ölkəyə qarşı cinayət törətmiş əcnəbilərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Bayrağı yandıran Aram Nikolyanın və bu cinayətdə əli olan digər şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici dövlətlərin müvafiq orqanlarına və beynəlxalq təşkilatlara müraciətlərin göndərilməsi təmin ediləcək, Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Bənzər yazılar

Back to top button