GündəmSiyasət

Elmar Məmmədyarov: “Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir”

Aprelin 14-də Yerevanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması müzakirələrə səbəb olub.

Azərbaycan idmançılarının Ermənistandan geri qayıtması barədə qərar qəbul edilib.

Bu barədə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsi aprelin 15-də birgə bəyanat yayıb.

Bakı həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana sanksiya tətbiq etməyə çağırıb.

Məsələ ilə bağlı “Bizim.Media”ya danışan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, bu hadisə Ermənistanın əsl simasını dünyaya bir daha göstərdi: “Ən acınacaqlısı da odur ki, insidentin baş verdiyi açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edirdi. Bu isə o deməkdir ki, baş verəcək insidentdən Paşinyanın qabaqcadan xəbəri olub”.

“Əgər belə olmasa idi, o, anındaca tribunaya çıxıb baş verənlər üçün hər kəsdən üzr istəməli idi, amma bunu etmədi. Əgər Paşinyan həqiqətən olanlardan peşimandırsa, o zaman sülh danışıqlarına sadiqliyini və beynəlxalq hüquqa hörmətini göstərmək üçün Azərbaycana zəng edib, üzr istəməlidir. Yalnız bundan sonra Paşinyanın peşimançılığında səmimi olduğuna inanmaq olar”, – deyə o bildirib.

Bənzər yazılar

Back to top button