Digər

General Hikmət Həsənov həbs oluna bilər

Generalla bağlı dosyenin hazırlandığı bildirilir

“Tərtər işi” üzrə məhkəmə prosesi davam edir.

2017-ci ildə çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr ictimaiyyətin gündəmindədir.

“Tərtər işi” üzrə zərərçəkmişlər bütün təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Hərbçilərə verilən işgəncələr isə aşağıdakı kimi sıralanır:

▪ Əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq;
▪ Əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması;
▪ Əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması;
▪ Cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanı verilməsi;
▪ Cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması;
▪ Gözlərin göz dəliyindən çıxarılması;
▪ Bağırsaqlarına dəmir armaturun daxil edilməsi;
▪ Plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək;
▪ Günlərlə ac-susuz saxlanılmaq;
▪ Ata və övladı birlikdə gətirib, övladın atanın başına sidik ifrazı etməyə məcbur etmək;
▪ Rezin boru ilə zorlama;
▪ Armaturla zorlama;
▪ Hərbi qulluqçuların ağzına lampa qoyub, bədənindən cərəyan keçirməklə o lampanı yandırmaq;
▪ Su şüşələri üzərində otuzdurmaq;
▪ Diz qapaqlarının drellə deşilməsi və digər qəddar üsullar.

Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ermənilərə işlədiyini etiraf etməlidirlər.

Bütün yollar generalı həbsxanaya aparır…

Arqument.az-a verilən məlumata görə, işgəncələrdə adı hallanan şəxslərin həbsi davam edəcək.

Yaxın günlərdə isə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun keçmiş komandiri Hikmət Həsənov həbs olunacaq.

Burada hadisələr zamanı 54 gün təzyiqlərə məruz qaldığını deyən Nemət Məhərrəmovun ifadəsi də əsas rol oynayacaq. O, ötən məhkəmə proseslərində bədənindəki işgəncə yerlərini jurnalistlərə də göstərib. Deyib ki, ona qarşı işgəncə Hikmət Həsənovun əmriylə həyata keçirilib.

“Şəxsən özü mənə işgəncə verib, o cümlədən, Hikmət Həsənovun əmisi oğlu Məhərrəm Həsənovun işgəncələrinin altında olmuşam”, – deyə o bildirib.

Nə baş verib?

2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, bildiriblər ki, hərbiçilər arasında bir qrup dövlətə xəyanət etdiyi üçün ifşa olunub.

Bu bəyanatdan sonra kütləvi həbslər olub. Amma ictimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən az 9 nəfər işgəncələr nəticəsində ölüb.

Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa etmək məcburiyyətində qalıb.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim azad edilib.

Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.

İşgəncələr altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsdədir.

Bu cinayətlərə görə bir general da daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib. Amma Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun rəhbərliyi məsuliyyətə cəlb edilməyib.

Bənzər yazılar

Back to top button