Hadisə

Nelli Fabriçnaya cəzasını ciddi rejimli koloniyada çəkməklə 11 il azadlıqdan məhrum edilib

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində “Murov” şirkətinin keçmiş kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayanın barəsində altı ay davam edən məhkəmə prosesi başa çatıb. Şirkətin sahibi Əfqan Zeynalov onu müxtəlif valyutalarda 720 min manatı oğurlamaqda və mənimsəməkdə ittiham edir, Fabriçnaya isə bunu inkar edir. Zeynalovun şirkəti Dəmiryol Dövlət Şirkətinin yol və dəmir yolu obyektlərinin tikintisi üzrə sifarişini yerinə yetirir.

Əvvəlki məhkəmə iclasında prokuror hakim Faiq Qəniyevdən Fabriçnayanı 11 il müddətinə azadlıqdan məhrum etməsini istəmişdi.

Aprelin 11-də müttəhimin vəkili Qəzənfər Rzayev Zeynalovun onun ünvanına söylədiyi çirkin təhqirlərin qarşısını almadığı, katibin isə əvvəlki iclasda baş verənləri qeyd etmədiyi üçün hakim Qəniyevə etiraz edib. Yeri gəlmişkən, günün sonunda vəkil prosesdə video və audioyazıların olmamasının qanunsuz olmasını hakimə xatırladıb. Belə ki, bu, ittiham tərəfinin məhkəmə zalında baş verənləri inkar etməsinə imkan verəcək. Əvvəlki iclasda hakim müdafiə tərəfinə söz vermədən prokurorun çıxışına icazə verib. Çərşənbə axşamı hakim müdafiə tərəfinin vəsatətini təmin etməyib. Vəsatətdə istintaq mərhələsindəki çoxsaylı pozuntular sadalanırdı.

Ə.Zeynalovun vəkili söz alıb. O, öz nitqini Fabriçnayanın şirkətin vəsaitlərini təhlükəsiz mənimsəməsi üçün tabe olduğu şirkətin sahibini qəsdən zəhərləməsi versiyası əsasında qurub. Müstəntiq bu versiyanı qəbul etməyib, lakin Zeynalov versiyanı canlandırmaq və Fabriçnayanı qətlə cəhd maddəsilə mühakimə etdirmək üçün prosesin istintaq mərhələsinə qaytarılmasını tələb edir. Zeynalovun vəkili Fabriçnayanın şirkətin pulunu oğurlamasından danışmayıb.

Hakim prosesi başa çatdırmaq üçün Q.Rzayevi son sözlə çıxışa dəvət edib. Fabriçnaya danışmaq hüququndan imtina edib. O zaman Rzayev ona nitq hazırlamaq üçün bir neçə gün vaxt verməsini istəyib, çünki yarım il, ikiillik istintaqla, 13 cilddə davam edən proses ekspromt xarakterizə edilə bilməz. Hakim vəkilə belə imkan verməyərək, hazırlaşmaq üçün beş dəqiqə təklif edib. Rzayev razılaşmalı olub.

Vəkil öz çıxışında xatırladıb ki, Zeynalov 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən müxtəlif maddələr, o cümlədən imza və sənədlərin saxtalaşdırılması maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. O vaxt “Avtotransyol” şirkətinin baş direktoru idi. Həmin Zeynalov 2021-ci ildə guya Fabriçnayanın saxta imzası ilə etirafedici ərizəni istintaqa təqdim edib.

Əfqan Zeynalov prezidentə və ölkənin birinci vitse-prezidentinə müraciətində İkinci Qarabağ Müharibəsində iştirak etdiyini göstərir, lakin Müdafiə Nazirliyindən vəkilin sorğusuna cavab olaraq bildiriblər ki, belə bir hərbi qulluqçu onların siyahısında olmayıb.

Fabriçnayanın etirafedici ərizənin altındakı imzasının “Murov” şirkətində ondan zorla alınması və saxta olması barədə vəsatətinə baxılarkən Zeynalovun bu xüsusiyyətləri məhkəmə və istintaq tərəfindən nəzərə alınmayıb. Məhkəmə prosesə ekspert dəvət etməyib.

Vəkil məhkəmənin diqqətini ona yönəldib ki, Zeynalov böyük sifarişlər yerinə yetirib, buna baxmayaraq Fabriçnayanın mənzilində qeydiyyatda olub və orada şəxsi seyf quraşdırıb. Halbuki, Bakıda özünə mənzil ala və ya kirayə götürə bilərdi. O, seyfin gizli kodunu və açarlarını mənzil sahiblərinə verməyib. Sonra Zeynalov Fabriçnayanın icazəsilə onun bank hesabından istifadə etmək üçün bankdan kredit kartı götürüb. 2021-ci ilin iyulunda Zeynalov pullarının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, Fabriçnayanı əvvəlcə 300 min dolları mənimsəməkdə ittiham edib, sonra məbləğ 100 min dollar artıb və nəticədə 720 min manata çatıb.

İstintaq mərhələsində Fabriçnayanın və onun vəkillərinin vəsatətləri təmin edilməyib, Zeynalovun tələbləri isə təmin edilib.

Vəkil Rzayev bildirib ki, Zeynalov Fabriçnayanı dəfələrlə döyüb. Onu və ailəsini təhdid edib. Lakin bu faktlar müstəntiqi maraqlandırmayıb, həmçinin Nellinin döyülməsinə dair ərizəsi məhkəmələrdə müzakirə edilməyib, halbuki, döyülmə izlərinin əks olunduğu fotolar var. Qeyd edək ki, Nelli zorakılıqdan bir ay sonra həkimlərə müraciət edə bilib. Məhkəmə həkimləri şahid qismində prosesə dəvət etməkdən imtina edib.

Vəkil Zeynalovun Nelli ilə telefon danışığının audiosübutunu məhkəməyə təqdim edib. Söhbət zamanı o, Bakıda mənzilin olmasının vacibliyindən danışıb, buna görə də Fabriçnayanın ailəsini balkondan atacaq.

İstintaqın sonunda Zeynalov Fabriçnayaya razılaşma təklif edib ki, ona göstərilən miqdarda pulun verilməsi şərtilə oğurluq faktının olmaması barədə müstəntiqə ərizə yazacaq. Hətta onu şirkətdəki əvvəlki vəzifəsinə qaytaracaq. Müstəntiq bu audiosübutları nəzərdən keçirməyib, vəkil deyib.

Telefon danışıqlarında Zeynalov etiraf edib ki, guya ondan oğurlanan pulun miqdarını “özündən uydurub “, əgər istəsə bəyan edilmiş məbləği bir milyona qaldırar. Bu fakt da araşdırılmamış qalıb.

Şirkətin təmizlikçisi M. Atakişiyevanı ondan 50 min manat oğurlamaqda ittiham edən Zeynalovun ondan 75 min manat alması hakim və istintaqı maraqlandırmayıb. Niyə çox alıb? Müdafiə tərəfi iddia edir ki, bu, təmizlikçi ilə Zeynalov arasında sövdələşmənin qiymətidir, qurban isə Fabriçnayadır.

Yuxarıda göstərilənlərə əsasən vəkil hakimdən müvəkkilin günahsız olmasını tanımasını xahiş edib.

Hakimlər məşvərətə çıxıblar və 2 dəqiqədən sonra qərarı elan ediblər: Fabriçnaya cəzasını ciddi rejimli koloniyada çəkməklə 11 il azadlıqdan məhrum edilib.

Vəkil Rzayev Turan-a bildirib ki, Fabriçnayanın ittiham olunduğu maddə 11-14 il cəza nəzərdə tutur. Həbs rejimini isə hakim müəyyən edir.

N. Fabriçnaya və onun vəkili Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından şikayətlə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.(Turan)

Bənzər yazılar

Back to top button