AnalitikaBizim seçimManşetSiyasət

Azərbaycanın gözlənilməz addımı: növbədənkənar seçkilər, regional diplomatiya və siyasi intriqalar

Hadisələrin gözlənilməz dönüşündə Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərini elan edib. Dekabrın 7-də imzalanan fərman bu gözlənilməz qərarın motivləri barədə fərziyyələrə səbəb oldu.

Seçkilərin elan edilməsi ilə eyni vaxtda Azərbaycan və Ermənistan münasibətlərində irəliləyiş baş verib. Hər iki ölkə vasitəçilərin iştirakı olmadan hərbçilərin birbaşa azad edilməsi haqqında saziş elan edib. Üstəlik, Ermənistan tərəfinin bəyanatları iki ölkə arasında 5-10 gün ərzində sülh sazişinin bağlanmasının mümkünlüyünü nəzərdə tuturdu.

Bu hadisələr ABŞ dövlət katibinin köməkçisi Ceyms O. Bryanın Prezident İlham Əliyevlə regiona ilk səfəri zamanı mühüm görüşündən sonra baş verib. Bu diplomatik addımların vaxtı bu hadisələrin əlaqəsi və onların geosiyasi mənzərəyə potensial təsiri ilə bağlı suallar doğurur.

ASTNA-ya verdiyi müsahibədə siyasi şərhçi Arastun Oruclu bu son hadisələrlə bağlı mürəkkəb dinamikaya nəzər salaraq, Prezident Əliyevin növbədənkənar seçkilərin təyin edilməsi qərarının geniş ictimai dəstəyin alınması istiqamətində strateji addım olub-olmadığını və ya xalqın iradəsini bölüşə bilməyən seçilmiş siyasi fürsətçi qrupun ona təsir edib-etmədiyini düşünür.

Azərbaycan yol ayrıcında dayanır, millət siyasi fəallığın və intriqanın artdığı bir dövrə hazırlaşır. Qarşıdan gələn seçkilər və onu müşayiət edən diplomatik hadisələr Azərbaycan siyasətinin trayektoriyasını formalaşdırmağa hazırdır və dünya bu cəsarətli addımların arxasında duran motivləri deşifrə olumsını diqqətlə izləyir.

* * *

– Ərəstun bəy, növbədənkənar Prezident seçkilərinin keçirilməsinə zərurət vardımı?

– İlk baxışdan sualınız sadə görünsə də, əslində əhatəli cavab tələb edir. Məsələyə hadisələrin xronoloji axarı bucağından baxdıqda sanki belə bir addıma heç bir ehtiyac yox idi. Amma son illər baş verənləri təhlil etdikdə və yaxın gələcəkdə istər ölkədə, istərsə də onun ətrafında gözlənilənləri proqnozlaşdırdıqda tamamilə fərqli mənzərə açılır. Bəzən insanlar buna skeptik yanaşsalar da, amma 44 günlük müharibə və onun nəticələri təkcə regiondakı geosiyasi reallıqları deyil, Azərbaycan cəmiyyətini də dəyişdi. Hələlik ikinci bəlkə də çox qabarıq görünmür və bu da ona görədir ki, dialektik dinamika sosiologiyanın qanunlarına uyğun şəkildə gedir. Bu, həm də dəyişikliklərin baş vermə sürətinə aiddir. Bunu adi bir misalla əsaslandırmağa çalışacağam. İkinci Qarabağ Müharibəsinin nəticələri insanlarda ikili hiss yaratmışdı. Bir tərəfdən onlar qələbəyə çox sevinirdilər, digər tərəfdən isə yekun nəticə bir çoxlarında suallar, bəzən də tərəddüdlər və məyusluq doğururdu. Çünki qələbə tam deyildi. Amma 3 ildən sonra tam qələbə əldə olunanda isə Azərbaycan cəmiyyəti buna əsasən soyuq münasibət sərgilədi. Bu da arxada qalan 3 il ərzində cəmiyyətdə hadisələrə baxışların, münasibətlərin dəyişməsinin əlaməti idi. Çünki qələbədən sonra cəmiyyətdəki gözləntilər nəinki özünü doğrultmadı, hətta deyərdim ki, bunun tam əksi baş verdi. Sosial-iqtisadi vəziyyət daha da ağırlaşdı, haqsızlıq və ədalətsizlik artdı, korrupsiya daha geniş vüsət aldı, qanunsuzluq ay qala qaydaya çevrildi, məmurların özbaşınalığı bir sira hallarda sözün həqiqi mənasında əsl azğınlıqla əvəzləndi. Bu siyahını xeyli davam etdirmək olar, amma məncə bircə kəlmə ilə cəmiyyətdə baş verənləri belə ifadə etmək olar: qalib xalq layiq olduğu münasibəti görmək əvəzinə bunun tam əksi ilə üzləşdi. Bu da sosioloji böhrana aparan yoldur. Çünki bütün bunlarla yanaşı həm də hakimiyyətin əldə etdiyi “qələbə krediti” sürətlə tükənməkdədir. Sadalanan daxili amillərlə xarici təsirləri üst-üstə qoyduqda risklərin artdığını görürük.Belə şəraitdə hakimiyyətin iki yolu qalır: 1.İslahatlara getmək, amma bu həm zaman, həm strategiya, həm də islahatçı komanda tələb edir ki, onların da hamısı yox dərəcəsindədir; 2. Hakimiyyət əlində olan resurslar hesabına öz mövqeyini möhkəmləndirməlidir ki, bunun da yollarından biri öz legitimlik müddətini uzaqtmaqdır. Özü də bunu böhran kulminasiya nöqtəsinə çatmamış etmək.

– Niyə qəfil elan olundu bu seçki? Prezident seçkilərinə 15 ay vaxt qalmışdı. Belə tələsik, apar-topar, 2 ay vaxt qalmış qəfil seçki keçirmək qərarını verməyə hakimiyyəti nə vadar edə bilər?

– Seçki qəfil elan olunsa da ona hazırlıq aparılmadığını deməzdim. Müəyyən hesablamalar olub əlbəttə, amma onlar son dərəcə məhdud dairədə aparıldığından seçkilərin qəfil elan olunması effekti yaratdı və əslində cəmiyyət üçün belə də oldu. Seçkiləri belə qəfil elan etməkdə qarşıya qoyulmuş məqsədlərdən biri də hər kəsi fakt qarşısında qoymaq ola bilərdi. Başqa sözlə, opponent düşərgədə çaşqınlıq effektinə nail olmaq və bu da alındı. Opponent düşərgə isə əvvəlki illərdən fərqli olaraq daha genişdir. Düzdür, mütəşəkkil deyil, amma onun toparlanması, təşkilatlanması üçün zəmin var. Zəmin var, zaman isə yoxdur. Bu yerdə haşiyə çıxım ki, opponent düşərgə heç də təkcə ənənəvi olaraq düşündüyümüz kimi bir-biri iə dil tapa bilməyən çeşidli müxalifətdən, çökdürülmüş vətəndaş cəmiyyətindən və pərakəndə, sistemsiz fəaliyyət göstərən ayrı-ayrı ictimai-siyasi fəal qruplardan ibarət deyil. Bu gün həmin düşərgəyə hakimiyyətdəki mövqelərini itirmiş və itirəcəyinin qaçılmaz olduğunu anlayan məmur-oliqarxiya da daxildir ki, onlar da birincilərdən fərqli resurslara malikdirlər. Odur ki,həmin iki qrup arasında ittifaqın yaranmasına və resursların cəmlənməsinə imkan verməmək baxımından da seçkilərin bu şəkildə elan olunması anlaşılandır. Həmçinin buna səbəb olan xarici amillər də var ki, onlar prosesi bir qədər də sürətləndirdilər. İndi Azərbaycan qlobal maraqların toqquşduğu nöqtəyə çevrilib və bu da ölkənin daxilindəki vəziyyətə təsirsiz ötüşməyə bilər. Deyilənləri nəzərə aldıqda həmin qərarın impulsiv və ya spontan olduğu heç inandırıcı görünmür.

– Bu vaxta qədər olan proqnozlarda öncə referendum keçiriləcəyi bildirilirdi. Ardınca gələn ilin noyabrında parlament və dekabrda bələdiyyə seçkiləri. Növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı heç bir fikir yox idi. Bir ildə 3 seçki, üstəgəl referedum barədə qərar verilsə, 4 seçki keçirmək çox çətin olmayacaqmı?

– Belə bir deyim var: yolayrıcında atları dəyişməzlər. Mövcud şəraitdə referendum keçirməklə siyasi idarəetmə sistemini dəyişmək istər hakimiyyət, istərsə də ölkə üçün zaman itkisi ola bilərdi. Zaman isə azdır, yox dərəcəsindədir. Odur ki, 44 günlük müharibəyədək belə bir variant mənim üçün də gözlənilən olsa da, post müharibə dövründə bu cür addımların atılacağı inandırıcı deyildi. Azərbaycanda mərkəzləşmiş prezident idarəçiliyi mövcuddur və indiki mərhələ də məqsəd onu möhkəmləndirməkdir. Buna nail olunacaqsa hakimiyyət üçün ardınca parlament və xüsusilə də bələdiyyə seçkilərinin keçirilməsi indiki qədər ciddi təhdidlər doğurmayacaq. Referenduma gəlincə, onu parlament seçkilərilə eyni vaxtda keçirə bilərlər. Çünki prezident hakimiyyətini möhkəmləndirdikdən sonra referenduma çıxarılan məsələlərə hakimiyyətin statusu və siyasi idarəetmə modeli ilə bağlı dəyişikliklərin daxil edilməsinə ehtiyac qalmayacaq.

-2024-cü ilin martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib. Bu xəbərdən dərhal sonra Azərbaycanda da seçki qərarı verildi. Sizcə, Azərbaycanda verilmiş qərarın Rusiyadakı seçkilərlə bağlılığı ola bilərmi?

– Azərbaycanda qəbul olunan qərara təsir edən amillərdən biri də odur yəqin ki, amma bir tək onu əsas amil kimi qəbul etmək yanlış olardı. Şübhəsiz ki, Rusiyadakı Putin komandası öz mövqelərini əldən verməməyə çalışacaq. Üstəlik də son günlər həmin komanda üzvlərinin dilindən səslənən “ittifaq dövlətinin bərpası” və bu kimi iddialar postsovet ölkələr tərəfindən təhlükə kimi qəbul edilməyə bilməz. O cümlədən də Azərbaycan tərəfindən. Digər tərəfdən də hələ həmin seçkilərdə və onlara qədər Rusiyada nələrin ola biləcəyini də söyləmək çətindir. Yəqin həm də ona görə Azərbaycan iqtidarı indidən öz mövqelərini möhkəmləndirməyə və statusunu qoruyub saxlamağa üstünlük verir. Başqa sözlə, legitimliyini uzatmağa.

– Seçki qərarı, ardınca Azərbaycan və Ermənistan hərbçilərin azadedilməsi barədə iki dövlətin öz arasında, heç bir vasitəçi olmadan razılığa gəlməsi, Ermənistan tərəfdən 5-10 günə iki ölkə arasında sülhün imzalana biləcəyi ilə bağlı bəyanat hamısı bir gündə baş verir və bütün bunlar ABŞ Dövlət Katibinin köməkçisi regiona səfəri çərçivəsində Ceyms O’Braynın Prezident İlham Əliyevlə görüşündən bir gün sonraya təsadüf edir. Bu bir təsadüfdürmü, yoxsa bütün bunlar razılaşdırılıb?

– Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı ortaq mövqelər ola bilər, amma bütün addımların razılaşdırılması inandırıcı görünmür. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının ikitərəfli formatda aparılmasına cəhdlər O’Braynın səfərindən xeyli əvvəl də vardı və hətta həmin istiqamətdə müəyyən addımlar da atılmışdı. Ola bilsin ki, Vaşinqton həmin prosesə dəstək verdiyini ifadə edib və bunu da Rusiyanın reaksiyasından aydın görmək olar. Mən Rusiya XİN sözçüsünün açıqlamasında yer alan “üçtərəfli formata” işarəni nəzərdə tuturam. Əsirlərin azad edilməsi həm humanitar baxımdan, həm də müəyyən qarşılıqlı etimadın yaradılması zərurətindən vacib addım idi. Bu, həm də tərəflərin ikitərəfli danışıqlara hazır olmasına işarə edən addımdır. Qaldı Ermənistan tərəfin sülhün imzalanmasının 5-10 günə mümkünlüyü haqda bəyanatına, məncə burda bir qədər diqqətli olmaq lazımdır. Ermənistan belə bəyanatla özünü sığortalamağa çalışa bilər ki, sabah saziş baş tutmazsa və ya hansısa fors-major situasiya yaranarsa onun məsuliyyəti Azərbaycanın üzərinə düşsün. Bir növ “biz hazırıq və razıyıq, Azərbaycan isə sülh prosesini sabotaj edir”. Bundan qaçmağın da ən optimal yolu Azərbaycanın sülhə hazır olduğunu nümayiş etdirən hansısa siyasi və diplomatik addımların atılmasıdır. İqtisadi dildə desək, az investisiyalarla böyük gəlir əldə etmək. Eyni zamanda şübhəsiz ki, sülh sazişi nə qədər tez imzalanarsa, bölgədəki gərginlik də bir o qədər tez azalar.

– İndi belə ümidlər var ki, həbslər dayana və hətta siyasi məhbuslar azad oluna bilər. Bu deyilənlərə ümid etməyə dəyərmi?

– Hələlik bunun əlamətləri görünmür. Deyərdim ki, hətta əks tendensiyalar nəzərə çarpmaqdadır. Məsələn, növbədənkənar seçki elan olunan kimi ona ilk reaksiya verən “köhnə qvardiyanın” növbətçi ruporları oldu. Formal baxımdan YAP hələ öz namizədini irəli sürməmiş onlar artıq İlham Əliyevə yarınmağa başladılar və bu da azmış kimi düşmənçilik ritorikasını işə saldılar. Belə görünür ki, hakimiyyətin daxilində xalqla hakimiyyət arasındakı uçurumun qalmasında maraqlı olan mütəşəkkil dəstələr mövcuddur. Onlar hakimiyyətlə cəmiyyətin münasibətlərində az da olsa yaxınlaşmada qətiyyən maraqlı deyillər, çünki belə bir dinamika onların yarasız vəziyyətə düşməsi demək olardı. Ona görə də bir anda İlham Əliyevin ünvanına difirambalar, açıq yaltaqlıq, hakimiyyətin tənqidçilərinə qarşı düşmənçi ittihamlar səsləndirməyə başlayan “qarğa xoru” revanş götürməyə çalışdı. Məqsəd də aydındır: “biz olmasaq sizin hakimiyyət bir gün də ayaqda qala bilməz” mesajını vermək. Hansı ki, tam əksinə, belələrinin istər ritorikası, istərsə də şəxsiyyəti cəmiyyətdə ancaq ikrah doğurur. Bunlar hələ boşboğazlıq edənlərdir, amma onlardan daha qorxulu olanlar var. Məsələn, böyük inzibati imkanlara və geniş səlahiyyətlərə malik olaraq addımbaşı hakimiyyəti mövcud olmayan təhlükələrdən guya, qoruduğunu qabardanlar. İndi sual budur ki, İlham Əliyev və ya hər kim YAP-ın namizədi olacaqsa o, hansı tərəfi seçəcək: cəmiyyətin dəstəyini yoxsa xalqda ikrah doğuran bir ovuc siyasi möhtəkiri? Həbslərə və siyasi məhbuslara münasibət də bu sualın cavabından asılı olacaq. Təəssüf ki, mən həmin cavabı bilmirəm.

Bənzər yazılar

Back to top button