Digər

Orxan Abbasov: “Hakimiyyət QHT-lərə qarşı total hücumlar etməkdə davam edir”

“Demorkatik Düşüncə Mərkəzi”nin sədri Orxan Abbasovla hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi təzyiqlər barədə söhbətləşdik.

– Vətəndaş cəmiyyətinin durumunu hal hazırda necə qiymətləndirirsiniz?

– Ölkədə Vətəndaş Cəmiyyəti son 1 ildə, formalaşmağa başladığı dövrdən bu günə qədər ən ağır dövrünü yaşayır. Əslində heç kimə sirr deyil ki, QHT-lər Azərbaycanda formalaşmağa başladığı gündən onlar üçün yaradılmış hüquqi və bürokratik problemlərlə üz-üzə idi. Qeydiyyat məsələlərində problem, layihələrin əyalətdə həyata keçirilməsindəki süni əngəllər, QHT ilə bağlı qanunvericiliyə müxtəlif illərdə 14 dəfə dəyişiklik edilməsi və qanunların sərtləşdirilməsi hallarını da nəzərə alsaq, çox böyük səylər və qurbanlar bahasına vətəndaş cəmiyyəti öz fəaliyyətini davam etdirirdi. Amma son 1 ildə qrantların qeydiyyata alınması ilə bağlı edilən dəyşikliklər və bankların qeydiyyata alınmayan qrantlarla bağlı əməliyyata aparmaması, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində başlanan 142006023 saylı cinayət işi üzrə yüzlərlə QHT-nın sorğuya çəkilməsi, demokratiya və insan haqları sahəsində çalışan bəzi QHT rəhbərlərinin həbs olunması, çoxlarının bank hesabının dondurulması və ölkədən çıxışına qadağa qoyulması, ofislərinn bağlanması, sənədlərinin və avadanlıqlarının götürülməsi vətəndaş cəmiyyətinə ağır zərbə oldu. Yüzlərlə təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşdü. Və bütün bunlar Azərbaycanın Avropa Şurasına sədrliyi zamanı baş verdi. Üstəlik Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərə əməl etməyən, vətəndaş cəmiyyətinə təzyiqlərin dayandırılması ilə bağlı beynəlxalq təşkilatların müraciətlərinə cavab verməyən Azərbaycan tərəfinin qanunverciliyə etdiyi dəyişikliklər Konstitusiyaya və təməl insan haqlarına zidd idi”.

– Vətəndaş cəmiyyəti  nümayəndələri indiki halda nələri etməldir?

-Əslində müasir dünyada dövlət vətəndaş cəmiyyəti təşkilatları ilə sıx bir şəkildə çalışaraq, ölkədəki problemləri həll etməyə çalışır: Vətəndaş Cəmiyyətinin formalaşmasının əsas məqsələrindən də biri odur ki, xalq və dövlət arasında olan problemləri analiz edir, bu problemlərin həlli üçün çalışır və dövlətin də bu problemin həlli üzrə apara biləcəyi fəaliyyət barədə təkliflər paketi hazırlayıb təqdim edir. İctimai şüurun formalaşmasında, dövlət əhəmiyyətli qərarların alınmasında, sosial problemlərin həllində, dövlət-xalq münasibətlərinin tənzimlənməsində əvəzedilməz xidməti olan vətəndaş cəmiyyəti hər bir ölkənin ictimai həyatında böyük rol oynayır. Vətəndaş cəmiyyəti həm də kollektivçiliyin, dostluğun, insanların könüllü olaraq birlikdə çalışmasının ən gözəl təzahürüdür. Ona görə də vətəndaş cəmiyyətinin var olması həm də ictimai birliyin var olmasıdır. İnsanların tək-tək edə bilmədiyi cəmiyyət üçün faydalı işlərin birlikdə görülməsidir.

– Vətəndaş cəmiyyətinin fəaliyyətinin yaradılmış məhdudiyyətlərin hansı təsirləri var?
Hazırda o fəaliyyət hiss olunmur. Onlarla sahə, yüzlərlə könüllü fəaliyyətsiz qalıb, vətəndaş cəmiyyəti hakimiyyətin basqıları altındadır. Dünyada qəbul edilmiş bir deyimə görə vətəndaş cəmiyyəti xalq və dövlət arasında körpüdür. Bu gün Azərbaycanda o körpü yandırılır. Və bu yolverilməzdir. Bu müraciəti imzalayan vətəndaş cəmiyyəti üzvləri ölkənin gələcəyi üçün narahat olan hər kəsə müraciət edir. Sağlam cəmiyyətin təməli hesab edilən qeyri-hökümət təşkilatlarınıın məhv edilməsinə yol verməyin. Həm sadə vətəndaşlar, həm tanınmış ictimiayyət nümayəndələri bu qədər əhəmiyyətli rol daşıyan və bir çox uğurlu layihələrə imza atan sahənin qorunması və yenidən fəlaiyyətinin normal vəziyyətə qayıtması üçün əlindən gələni eləməlidirlər. Millət vəkilləri vətəndaş cəmiyyətinin normal fəaliyyətinə imkan yaransın deyə qanunların sadələşdirilməsi üçün təkliflərlə çıxış etməlidirlər. Əgər bu cəmiyyət bizimdirsə və bu cəmiyyətdə bir çox sahələrdə qeyri-hökümət təşkilatlarının uğuru varsa, bu gün o uğurun davam etməsinə nail olmaq üçün hər kəs əlini daşın altına qoymalıdır. Əks halda cəmiyyətin parçalanması, dövlər xalq münasibətlərində uçurumun dərinləşməsi, bir çox sosial və insan hüquqları sahəsində geriləmə qaçılmaz olacaq. Hansı ki, bu problemlər artıq özünü göstərməyə başlayıb.

Bənzər yazılar

Back to top button