Hadisə

Vəkil Elçin Qəmbərov azadlığa buraxılıb

O, dəymiş ziyanı ödəməli, üstəlik ziyanın 25 faizi qədər məbləği dövlət nəfinə keçirməlidir

“Mərkəz” vəkil bürosunun keçmiş rəhbəri Elçin Qəmbərov 9 aylıq həbsdən sonra aprelin 18-də məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Hakim Səbinə Məmmədzadənin sədrliyilə çıxarılan hökmə əsasən, Elçin Qəmbərovun dəymiş ziyanı ödəməsi, üstəlik ziyanın 25 faizi qədər məbləği dövlət nəfinə keçirməsi əsas gətirərək, onun barəsindəki cinayət işinə xitam verilib.

Elçin Qəmbərov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılması üçün onun oğlu Elgün Şıxəliyevdən 300 min dollar pul alıb onu aldatmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Məhkəmə çıxışı zamanı vəkil Elçin Qəmbərov

Prokuror Elçin Qəmbərovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Elgün Şıxəliyevin nümayəndəsi məhkəməyə tərəflər arasında barışıq əldə olunması, zərərçəkmişin şikayət və tələbinin olmaması haqda ərizə təqdim edib.

Elçin Qəmbərovun iki vəkili vardı – biri öz oğlu Əli Qəmbərov, digəri isə Leyla Namazzadə. O, öz oğlundan vəkil kimi, imtina edib. Digər vəkili isə müdafiə nitqində bildirib ki, prokurorun çıxışıyla razı deyil. Müvəkkilinin zərərçəkmişə – Elgün Şıxəliyevə dəymiş ziyanı tam ödəməsi, həmin məbləğin 25 faizi qədər də dövlət büdcəsinə vəsait keçirməsi mütləq nəzərə alınmalı, onun haqqında cinayət işinə xitam verilməlidir.

Daha sonra Elçin Qəmbərovun özünə son söz demək təklif olunub. Lakin o, çıxış etmək istəməyib. Bundan sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, ziyanın ödənilməsi və dövlət nəfinə ödənişi nəzərə alaraq, Elçin Qəmbərov haqqında cinayət işinə xitam verilməsi haqqında hökmü elan ediblər.

MTN generalı Mövlam Şıxəliyev 2021-ci il aprelin əvvəlində həbs olunub. Onun vəkili “Mərkəz” vəkil bürosunda çalışan Arzu Cavadovdur.

İttihama əsasən, həmin vaxt bu büronun rəhbəri olan Elçin Qəmbərov Arzu Cavadova deyib ki, vəzifədə olan tanışları vasitəsilə Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılmasına kömək edə bilər. Arzu Cavadov da bunu generalın ailəsinə çatdırıb. Onun oğlu Elgün Şıxəliyev büroda Elçin Qəmbərovla görüşüb və razılaşıb.

Aprelin ortalarında ona 300 min dollar versə də, verilən vədə əməl olunmayıb. Avqust ayında pul geri qaytarılıb. Cinayət işi məhkəməyə göndəriləndən sonra Elçin Qəmbərov artıq yeni mərhələdə başqa şəxslər vasitəsilə bu işi həll edəcəyini bildirərək, yenidən ondan 300 min dollar alıb və bu dəfə geri qaytarmayıb.

Elçin Qəmbərov Elgün Şıxəliyevin DTX-ya şikayəti əsasında həbs olunub.

İstintaq zamanı Elçin Qəmbərov özünü təqsirli bilib.

O deyib ki, borclarını ödəmək üçün bu addımı atıb. Onun sözlərinə görə, general oğlunun etibarını qazanmaq üçün birinci dəfə pulu qaytarıb.

Elçin Qəmbərovun adı bundan əvvəl də bir neçə dəfə qalmaqallarda hallanıb.

O, 2014-cü ildə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili olduğu dövrdə onun həbsdən göndərdiyi şəxsi məktubları yaymaqla və kitab şəklində çap etdirməklə gündəmə gəlmişdi.

Bundan başqa, dövlət çevrilişinə cəhd ittihamıyla 13 il həbsdə olan Səid Dadaşbəylinin ailə üzvləri onu dələduzluqda ittiham edirdi.

Ailə iddia edirdi ki, vəkil Səid Dadaşbəylinin adının siyasi məhbus siyahısına salınması adıyla onlardan külli miqdarda pul alıb.

Elçin Qəmbərov isə bu ittihamı rədd edir, pulu vəkil kimi göstərdiyi xidmət müqabilində aldığını deyirdi.

Əvvəl 15 saylı vəkil bürosunda çalışan Elçin Qəmbərov Leyla Yunus haqqında kitab yazandan sonra “Mərkəz” vəkil bürosunun rəhbəri təyin olunmuşdu.

Meydan TV

Bənzər yazılar

Back to top button