Bizim seçimGündəmHadisəManşet

Nazir Zakir Həsənov özü “azıb”

Sentyabrın 22-də azərbaycanlı hərbçi Ramin Abdulrəhmanovun Qarabağda, həm də Azərbaycan və Ermənistan mövqeləri arasındakı neytral zolaqda ölməsi cəmiyyət tərəfindən anlaşılmazlıqla və ağır qəbul edilir. Müdafiə naziri Zakir Həsənovun yolu azmış hərbçi barədə birmənalı olmayan açıqlaması çaşqınlığa səbəb olub. Azıb – nizam-intizamı pozub, yoxsa əmri yerinə yetirərkən həlak olub? Yəni, şəhid olub, ya yox?

Azərbaycan əsgərinin və zabitinin qeyri-döyüş şəraitində istənilən ölümü komandirlərin günahından baş verir – birbaşa və ya dolayısı ilə.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İlham İsmayıl müəllif məqaləsində (moderator.az) yazıb: “Əsgərimiz həlak olub, nazirlik rəsmən bildirir ki, əsgər azıb. Əsgər bu qədər başlı-başına buraxılıb ki, cəbhə xəttində azır? Deməli, onun komandiri yerində deyil, vəzifəsini sonadək bilmir, tabeliyindəkilərlə düzgün iş aparmayıb, ya da ortada başqa məsələ var. Dəhşətlisi də odur ki, əsgərin meyitini Qırmızı Xaçdan istəyirik. 2017-ci il fevralın 25-də beş kəşfiyyatçının cəbhə xəttində müəmmalı ölümü və onları da geri ala bilmək üçün humanitar təşkilatlara müraciət etməyimiz yada düşür. Ordunun belə situasiyalarda fəaliyyət göstərəcək qrupları, qüvvələri yoxdurmu? Ordu gücsüzdür?

Müdafiə Nazirliyi susur. Halbuki, açıqlama vermək lazımdır ki, uzunmüddətli həqiqi hərbi xidmətin hərbçisi Elyarbəy Bəyğalı oğlu Məmmədov sentyabrın 20-i gecə, yəni Abdulrəhmanovun ölümündən iki gün öncə niyə ölüb. Rəsmi məlumatda bildirilib: “Naməlum şəraitdə”. Beş gün keçib. Naməlum şəraitə hələ də aydınlıq gətirilməyib. Niyə? Günahkar kimdir? Kimi cəzalandırdılar?

Erməni tərəfi bildirir ki, Ramin Abdulrəhmanov Azərbaycan təxribat qrupunun tərkibində ikən öldürülüb. Onlar ehtimal edirlər ki, qrup erməni əsir götürmək tapşırığını yerinə yetirirmiş ki, sonradan onu DQ-də mühakimə olunmuş iki “Qarabağ partizan”ına dəyişdirsinlər. Xatırladırlar ki, bundan öncə 2019-cu il sentyabrın 12-də erməni əsgər Araik Kazaryanın itkin düşməsi ilə bağlı versiyalardan biri azərbaycanlı təxribatçıların əməliyyatı idi. Erməni bloger azərbaycanlı əsgərlərin sentyabrın 22-dəki hərəkətini anlamır, belə ki, onlar düşmənin hərəkətinin ermənilərin mövqelərində quraşdırılmış videokameralar vasitəsilə müşahidə edildiyini bilməyə bilməzdilər.

Ermənistanın müdafiə naziri Tonoyan təəccüblə qeyd edib ki, qəribə hadisə baş verib: “Bunun nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Əməliyyatın vaxtı da, heyətin sayı da, xüsusi bölmələrin nümayəndələrinin cəlb olunması da qəribədir. Bəlkə də azıb. Təhlil olmayana qədər qiymət vermək istəməzdim. Müdafiə ordusunun (işğal edilmiş Qarabağda ölkə ordusunun işğalçı korpusunu belə adlandırırlar- red.) rəyini də anlamaq lazımdır. Təkrar edirəm, nəsə qəribə bir şey baş verib”, – Tonoyan deyib.

O əlavə edib ki, həlak olmuş azərbaycanlı əsgərin cəsədi sentyabrın 23-də saat 19.00-da Qızıl Xaç və xüsusi nümayəndə Kasprşikin vasitəçiliyilə Azərbaycan tərəfinə verilib. “Biz humanitar borcumuzu yerinə yetirdik və cavab verəcək bir şeyimiz yoxdur”, -Tonoyan əlavə edib.

Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 22-nə keçən gecə cəbhədə baş vermiş hadisələrin videoyazısını nümayiş etdirməyə hazırdır.

Azərbaycan Müdafiə Nazirliyi Abdulrəhmanovun azdığını söyləməyə davam edir..

Azərbaycan ordusunun bütün əraziləri geri qaytarmağa və düşmənin istənilən təcavüzkar hərəkətinə atəş əmri ilə cavab verməyə hazır olduğunu bəyan edərək ermənilərə bir-birinin ardınca xəbərdarlıq edən nazir Zakir Həsənov sentyabrın 21-də Tovuz rayonunda erməni tərəfi bizim ekskavatoru atəşə tutarkən susdu. Sentyabrın 20 və 22-də iki hərbçimiz həlak oldu. Azərbaycan ordusu atəşlə cavab vermir, Beynəlxalq Qızıl Xaçdan kömək istəyir və bu, ictimaiyyətin qəzəbinə səbəb olur. Əsgərin azması ilə bağlı Həsənovun dediyi sözlərdən özünü təhqir olunmuş sayan gənc jurnalistlərdən biri bu məqalənin müəllifinə belə deyib: “Həsənov özü azıb”…

Kamal Əli

Turan.az

Bənzər yazılar

Back to top button