GündəmManşetSiyasət

Prezident İlham Əliyevlə Eli Kohen təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Aprelin 19-da prezident İlham Əliyev Bakıda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.

“Azərbaycan prezidenti ilə əla görüş oldu. Biz terrorizmlə mübarizəni, təhlükəsizliyin genişləndirilməsini və ölkələr arasında iqtisadi əməkdaşlığı müzakirə etdik.

Mən İsraildə səfirlik, şiə müsəlman ölkəsinin ilk səfirliyinin açılması qərarı ilə əlaqədar prezidenti təbrik etdim. Bu, İsrail dövlətinin dünyada yüksək hörmətini göstərir”, – Cohen görüşün yekunları ilə bağlı Tvitter hesabında yazıb.

İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 18-də Bakıya gəlib. Həmin gün o, iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

“İsraildə Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan-İsrail hökumətlərarası birgə komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır.

İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiyalar energetika, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiya, əczaçılıq, turizm və digər sahələri əhatə edir.

İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır”, – Cabbarov qeyd edib.

Öz növbəsində Eli Kohen deyib ki, onun ölkəsi Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir, İsrail şirkətləri müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərirlər. O, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Sonra Eli Kohen Bakıda sinaqoqda yəhudi icmasının üzvlərilə görüşüb. “Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir. Mən İsraildə Azərbaycan səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə dedim ki, İsrail hər zaman onların evi olacaq”, – Kohen Tvitter-də yazıb.

Bənzər yazılar

Back to top button