AnalitikaDünya

Tektonik sınmalar ərəfəsindəki təmkin

HƏMAS-ın 7 oktyabr hücümuTürkiyə toplumunun ənənəvi-klassik islamçı qanadının bu dəfəTemel Karamollaoğlu-Ahmet Davutoğlu və Jr.Erbakan liderliyində meydanlara çıxmasına təkanverdi və küçə-meydanlarda tanış şüarlar yenidən səsləndirildi.

2000-ci illərin əvvəllərində HƏMAS-ın ilhamvericilərindən olmuş Ahmet Davutoğlunun “İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasını çağırardım” sözü, deyəsən, təşkilatın Ciddədəki mərkəzinə qədər gedib çıxmadı. İqtidar…bəli, siyasi islamçı hökumətin yaradılma və varlıq fəlsəfəsinin təməllərindən birini təşkil edən bir məsələdə AKP hökumətinin bu qədər süst qalacağını bu işləri təqib edənlər gözləmirdi.

Qəzzaya təyyarələrlə göndərilən təcili yardımı Türkiyə fövqəladə olmayan vəziyyətlərdə də göndərir, burada sürpriz yoxdur. İllərdən bəri etdiyi çıxışlar, verdiyi açıqlamalarla bir növ Fələstin mütəxəssisi olmuş dövlət başçısı Erdoğanın bu dəfə “dünyanın ən böyük təyyarə daşıyan gəmisinin İsrail sahillərinə yaxınlaşmasını” sorğu-suala çəkməsi bir sıra ciddi məqamlara işarə etdi. Həm də ona görə ki, “Gerald Ford” adlı nüvə enerjisiylə işləyən gəmi qısa müddət əvvəl Türkiyə sahillərinə də yaxınlaşmış və ölkənin ən güclü silah sənayeçisi Selçuk Bayraktar da ABŞ-ın Ankaradakı səfirilə o gəmidə şəkil çəkdirib paylaşmışdı.

Bu, Türkiyə ilə ABŞ arasında, xüsusilə, silah sənayesi sahəsindəki əməkdaşlıqda buzların əriməyə başlaması kimi xarakterizə edilmişdi. Hələ ki iqtidar partiyası tərəfdarlarının küçə və meydanları “gümbür-gümbür-gümbürdətdiyini” görmürük. Prezident Erdoğan ilk gündən “iki tərəfdən insan itkisinin mümkün qədər az olması” üçün xəbərdarlıq etmiş, İsrailin hərbi əməliyyatları sərtləşdikcə Türkiyə prezidentinin xəbərdarlıqları da nisbətən kəskinləşmişdi. Ancaq hər şeyə rəğmən, İslam Əməkdaşlıq Təşkilatı yenə də heç bir təsir gücü nümayiş etdirə bilməyincə Türkiyə də öz sözünü demək üçün beynəlxalq miqyaslı manevr sahəsi tapa bilmir.

O biri tərəfdən isə İranın xarici işlər naziri Əmir Abdullahiyanın bölgədə təzyiq yüksələr-yüksəlməz Beyruta getməsi, Suriya-Livan-Misir-Qətər çizgisində əlbirlik yaratmağa çalışması, yəni əvvəl baş nazirin və xarici işlər nazirinin müşaviri, daha sonra xarici işlər naziri ikən Ahmet Davutoğlunun izlədiyi “proaktiv” siyasəti Tehranın təşəbbüsünə alması, Türkiyədə bir çox dairələr tərəfindən diqqətlə, hətta qibtəylə izləndi. Ancaq İranın məzhəbçi siyasətindən fərqli olaraq, Türkiyənin “məzhəbçi” siyasət izləməsinin çox fayda verməyəcəyini Ankara bilir.

Körfəzin varlı ölkələrinin İsraillə “İbrahim sazişi” imzalamaq niyyətində olduğu bir dövrdə Türkiyənin izləyəcəyi radikal sünniçi siyasətin hansı qazancı ola bilər? İslam dünyasının digər radikal təşkilatları kimi HƏMAS-ın da Türkiyəyə məhz dünyəvi sisteminə görə çox etimad etmədiyini Ankara yaxşı dərk edir. Bəli, dövlət başçısı Erdoğan Türkiyə siyasi islamçılarının lideri olmaqla yanaşı, dünya siyasi islamçılarının da müəyyən ölçüdə himayədarı və mənəvi ilhamvericisi olsa da, mövcud şəraitdə İsrailin hücumunu gözləyən HƏMAS-a Tehranın praktik yardımı daha çox sərf edir.

İsrailin həyata keçirəcəyi quru əməliyyatlarına cavabın Qəzza küçələrindən, tunellərindən, yeraltı keçidlərindən verilməsinin gözlənildiyi vaxtda Türkiyənin “atəşkəs üçün vasitəçilik etmək” təklifi də gündəmdə yer tuta bilmir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının çağırılması üçün təkid etmək və Qəzzaya humanitar yardımlarda fasilə yaratmamaq ən realist variantlar kimi qalır.

İsraillə münasibətlərdə Ankaranın təmkinli, Bakının isə “mehriban dostluq və əməkdaşlıq” siyasəti izləməsi də “bir millət iki dövlət” arasındakı münasibətlərdə narazılığa səbəb olmayacaq. Türkiyə toplumunun islamçı və islamçı-milliyyətçi təbəqəsindən yüksələn narazılıq səsləri də rəsmi münasibətlərə təsir göstərəcək səviyyədə olmadığına görə Bakı üçün Mirzə Ələkbər Sabirin məşhur şeirində ifadə edildiyi kimi, “çax-çax başın ağrıtdı, kefin çək di dəyirman” vəziyyəti qüvvədə qalacaq.

Və…bəlkə İkinci Dünya Müharibəsindən sonra Orta Şərq və Qafqaz bölgələri bir-birinin ardınca bu qədər ciddi gərginliklərə səhnə olur.

İkisində də çox ciddi tektonik sınmadan söhbət gedə bilər.

Bəlkə də o sınmanın içindəyik.

“Kim bilir, belki yarın, belki yarından da yakın…”

Türkiyə himninin sözlərinin yazarı Mehmet Akif Ersoyu həm də ona görə rəhmətlə anıram ki, özü də, kürəkəni Ömer Rıza Doğrul da (Əl-Əzhər Universitetində oxuyub, CHP Konya millət vəkili olub) Orta Şərqlə ilgili ən sərrast şərhləri veriblər.

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button