İqtisadiyyatManşet

Prezident İlham Əliyev İsrail şirkətlərini Ələt iqtisadi zonasına dəvət edib və SOCAR-a İsraildə neft çıxarmağı təklif edib

Prezident İlham Əliyev İsrailin xarici işlər naziri Eli Kohen ilə görüş zamanı Azərbaycan-İsrail siyasi münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycanın İsraildə səfirliyinin açılmasını dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan bu münasibətlərin səviyyəsinin göstəricisi adlandırıb.

Dövlət başçısı əməkdaşlığın gündəliyinin genişləndiyini deyərək hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesi gedir və texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsi önəmlidir.

Əliyev Ələt azad iqtisadi zonasında yaradılmış şərait barədə məlumat verbi, İsrail şirkətlərini buraya dəvət edib. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmini vurğulayıb.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirən İsrailin xarici işlər naziri İsrail və Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.

Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan nazir turizm sahəsində əlaqələ toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpa olunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edilib.

Bənzər yazılar

Back to top button