GündəmManşetSiyasət

Azərbaycan-İsrail sazişləri imzalanıb

Aprelin 19-da Bakıda Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında investisiyalar, innovasiyalar, ekologiya, informasiya, su, enerji, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, iclasda çıxış edən nazir Mikayıl Cabbarov Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını vurğulayıb.

O qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsində qeyri – neft məhsullarının payı artır: “Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ də istifadə olunmamış böyük potensial var”, – nazir deyib.

O, İsrail şirkətlərini Ələt azad iqtisadi zonasının, Bakı Dəniz Ticarət Limanının imkanlarından istifadə etməyə və birgə layihələr həyata keçirməyə dəvət edib.

İclasın yekunlarına əsasən bir sıra ikitərəfli sənədlər imzalanıb: Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnoloji İnnovasiyalar Qurumu arasında texnoloji innovasiyalar sahəsində birgə bəyannamə; SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında saziş; “Azərsu” və İsrailin Milli Su Şirkəti-“Mekorot” arasında anlaşma memorandumu imzalanıb.

Bundan əlavə, Azərbaycan hökumətilə İsrail hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Bənzər yazılar

Back to top button