CəmiyyətManşet

İki vətəndaşlığı olanlar niyə sənədlərini yeniləyə bilmirlər? (VİDEO)

Hüquqşünas: “Azərbaycanda hər hansı qurum şəxsi Rusiyanın vətəndaşlığından çıxara bilməz”.

İki vətəndaşlığı olan azərbaycanlılar müddəti keçən sənədlərini dəyişə bilmir və onlara Prezident İlham Əliyevin bununla bağlı şifahi tapşırığı olduğu deyilir. Bu iddianı AzadlıqRadiosuna müsahibəsində bloqer Fərid Süleymanov bildirib.

Bloqerin 16-yaşlı qızı Əliyyə Süleymanova həm Rusiya, həm də Azərbaycan vətəndaşlığına sahibdir. Süleymanov danışır ki, qızı həm xarici pasportunu, həm də şəxsiyyət vəsiqəsini yeniləmək üçün Bakıya gəlib, ancaq ASAN Xidmətdə onlara bunun mümkün olmadığı deyilib. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib ki, Rusiya vətəndaşı olduğu üçün sənəd yenilənə bilməz.

“Hətta müraciət ərizəsini qəbul etmədilər ki, Dövlət Miqrasiya Xidmətinə gedib Rusiya vətəndaşlığından imtina edilməlidir. Halbuki vətəndaşlıqdan imtina üçün biz Rusiyaya getməliyik. Daha sonra Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə gedəndə rəsmi heç bir açıqlama verilmədi. Bir əməkdaş bunun (prezident) İlham Əliyevin şifahi tapşırığı olduğunu dedi”, – Süleymanov söyləyir.

O, qızının vəsiqəsini yeniləyə bilmədiyi üçün onu Bakıda nə məktəbə qeydiyyatdan keçirə bilir, nə də səhiyyə xidmətlərindən yararlana.

Müraciət edənlər çoxdur

Süleymanov bloqer kimi məsələni ictimailəşdirəndən bəri ona 20-dək vətəndaşın müraciət etdiyini deyir. Onun sözlərinə görə, iki vətəndaşlığı olanların bəziləri yeni doğulan uşağına sənəd almaqda çətinlik yaşayır, bir qismi ölkədən çıxmaqda: “Problem yaradılan insanlar Rusiya, yaxud Ukrayna vətəndaşlığı olanlardır. Mənə qeyri-rəsmi deyilən məlumatlara əsasən, müharibəyə görə həmin ölkələrdən köç edən vətəndaşlar artıb. O şəxsləri ölkələrinə geri qaytarmaq üçün bu metod seçilib. Bu səbəbdən də nə Daxili İşlər Nazirliyinə tabe olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi, nə də Dövlət Miqrasiya Xidməti bunda maraqlıdır. Yuxarıdan gələn tapşırıq əsasında vətəndaşlar qanunsuz şəkildə incidilir”.

Bir müddət öncə bir qrup Bakı sakini də ASAN Xidmətdə şəxsiyyət vəsiqələrinin alınması və ya dəyişdirilməsi zamanı qarşılaşdıqları eyni problemdən şikayət etmişdi.

Süleymanov imtina sənədi alan altı nəfərin bununla bağlı məhkəməyə müraciət etdiyini söyləyir. Bloqerin iddiasına görə, ikili vətəndaşlığa qanun icazə verməsə də, “iki vətəndaşlıq” ifadəsinin heç bir hüquqi əsası yoxdur və bu da iki vətəndaşlığın ölkədə qüvvədə olması anlamına gəlir.

İkili, yaxud iki vətəndaşlıq

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını almış Azərbaycan vətəndaşları bir aya bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər. Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi sayılır. Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil.

İkili vətəndaşlıq iki dövlətin bütün hüquq və öhdəlikləri ilə bir-birinin vətəndaşlığını tanıması haqqında müqavilə bağlamasıdır. Belə vətəndaşlığı olan şəxs hər iki dövlətin vətəndaşlarının bütün hüquq və vəzifələrinə malikdir, hər iki dövlətdə hüquq qarşısında bərabərdir. Ölkələrin qanunvericiliyindən asılı olaraq, vətəndaş hansısa vəzifə və mükəlləfiyyəti bir ölkə qarşısında icra edibsə, ikinci ölkə qarşısında bu məsuliyyətdən azad ola bilər. Azərbaycan digər ölkələrlə ikili vətəndaşlıqla bağlı indiyə kimi heç bir müqavilə bağlamayıb.

Burda ziddiyyətli məqam odur ki, qanunda “ikili vətəndaşlıq” və “iki ölkənin vətəndaşlığı” anlayışları fərqləndirilməyib. İkili vətəndaşlıq yalnız ölkələrin konstitusiyası imkan verdikdə xüsusi müqavilə əsasında mümkün olduğu halda, bir şəxsin iki-üç ölkənin vətəndaşı olması, bəzi hüquqşünasların fikrincə, ikili vətəndaşlıq anlamına gəlmir.

Ukrayna müharibəsi başlanandan…

1998-ci ildə qəbul olunmuş vətəndaşlıq haqqında qanuna əsasən, başqa ölkənin vətəndaşlığını könüllü qəbul etmək Azərbaycan vətəndaşlığından məhrum etmək üçün əsas hesab olunur. Azərbaycan vətəndaşı hesab olunmaq istəyən şəxslər digər ölkənin vətəndaşlığından çıxmalıdır.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bəzən vergidən yayınma, qaçaqmalçılıq kimi məqsədlər üçün iki vətəndaşlıqdan alət kimi istifadə olunub. Əvvəllər bu məsələyə nəzarət zəif, iki vətəndaşlıqla bağlı güzəştlər olub, qanunun icrası zamanı bəzi məqamlara göz yumulub. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan vəziyyət dəyişib, çünki müharibə səbəbi ilə Ukrayna və Rusiyadan azərbaycanlıların kütləvi şəkildə geri qayıtması başlanıb: “Bununla bağlı dövlət qurumlarında məsələyə nəzarət gücləndi, tələblər kəskinləşdi. ASAN-a vaxtı keçmiş Azərbaycan pasportu ilə çoxlu vətəndaşlar müraciət edib başqa ölkənin vətəndaşlığını aldığını gizlədirdilər. Digər dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunmuş “ASAN bir pəncərə” sistemində bütün bu faktlar müəyyən edilir, hüquqi tədbirlər görülür. Qanun pozuntuları aşkar edildikdə şəxsiyyət vəsiqəsinin verilməsi prosesi dayandırılır və araşdırma aparılır”.

Seçim etmək

Hüquqşünas Əsabəli Mustafayev isə sənəd problemi ilə üzləşənlərin seçim etməli olduğunu deyir: “Onsuz da şəxsiyyət vəsiqəsinin vaxtı keçənlər bir sıra qurumlarda vətəndaş kimi qeyd edilmir. Onlar ya Azərbaycan prezidentinə müraciət edib buranın, yaxud da onlayn müraciət, məktub yolu ilə digər ölkəyə müraciət edib oranın vətəndaşlığından imtina etməlidirlər. Azərbaycanda hər hansı qurum şəxsi Rusiyanın vətəndaşlığından çıxara bilməz. Həmin vətəndaşlara bu məsələdə kömək edəcək konkret qurum da yoxdur. Qanunun icrasının indi başlaması, nəzarətin sərtləşməsindən vətəndaş əziyyət çəksə də, haqsız mövqedə olanlar onlardır, çünki qanun icazə vermir iki və ikili vətəndaşlığa. Bu səbəbdən mübahisələndirilsə də, vətəndaş haqsız tərəf olaraq qalacaq”.

Dünyada yüzdən çox ölkə öz vətəndaşlarına ikili vətəndaşlıq almağa icazə verir. Azərbaycanın qonşuları olan Ermənistan, Türkiyə, Rusiyada da iki və daha artıq ölkənin vətəndaşlığını daşımaq qanunla tənzimlənir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu iki vətəndaşlığın olmamasını dövlət təhlükəsizliyi ilə əlaqələndirir: “Uzun müddət müharibə şəraitində də yaşamışıq. Bunları nəzərə alanda hazırda qanunda iki, yaxud ikili vətəndaşlığın qadağa olması normaldır. Təhlükəsizlik məsələləri tam qaydasına salındıqdan sonra əlavə də dəyişikliklərin olması gözlənilir”.

Dövlət Miqrasiya Xidmətindən (DMX) isə perspektivdə qanuna hansısa əlavə və dəyişikliklərin gözlənilmədiyi bildirilib.

İki vətəndaşlığı olan şəxslərlə bağlı rəsmi statistika sonuncu dəfə 2017-cı ildə açıqlanıb. DMX-nin məlumatına görə, Azərbaycanda 2016-cı ildə ikili vətəndaşlığı olan 7 min 956 şəxs müəyyənləşdirilib. Qurumdan AzadlıqRadiosuna bildirilib ki, cərimə ləğv olunduğundan digər ölkənin vətəndaşlığını alan insanlar bununla bağlı əksər vaxtlarda onlara üz tutmurlar. Buna görə də DMX iki vətəndaşlıq ilə bağlı dəqiq statistika təqdim edə bilmir.

Bənzər yazılar

Back to top button