AnalitikaDünyaManşet

Ermənistanda seçki “müharibəsi” başladı: əsas döyüş Zəngəzurda olacaq

Bu gün Ermənistanda seçkiqabağı təşviqat başlayır. 20 iyuna qədər indiyə kimi müşahidə etdiyimiz toqquşmaların iki qatını görə biləcəyik, xüsusilə “Gallup”un son sorğusunun nəticələri bu gözləntini artırır.

Paşinyan və Koçaryan: sorğu həlledici mübarizənin bu ikili arasında olacağını göstərir.

“Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası respondentlərin 33,1 faiz səsini toplamışdı, Koçaryan dördüncü yerdə idi. Mayın son günlərində “Mənim addımım” partiyasının səsi 22,9 faizə düşdü, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəldi. Son sorğuda Paşinyan yerində sayır (22,9 faiz), Koçaryan isə irəliləyir (20,6 faiz).

Paşinyanın son üç ayda səs itirməsinin səbəbləri:

– Ermənistanın “hərbi əsir” adlandırdığı erməni diversantları qaytara bilməməsi;
– Laçın-Gorus sərhədində baş verən gərginlik;
– Sərhədlərin demarkasiyası ilə bağlı yeni sənədin imzalanacağı xəbərindən sonra hakimiyyətin “yeni xəyanətə” hazırlaşdığı üzərində güclənən ictimai rəy;
– Və sosial-iqtisadi vəziyyət: sorğuda iştirak edən respondentlərin 50,5 faizi yaşayış səviyyəsini pis, 16,4 faizi çox pis qiymətləndirir;

Bu amillər səslərin iqtidar düşərgəsindən müxalifət düşərgəsinə keçidinə şərait yaradır, lakin “niyə Koçaryan önə çıxdı” sualı əsasdır:

– Mart ayında keçirilən sorğuda Koçaryanın seçkiyə hansı formada gedəcəyi müəmmalı idi. May ayında “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının birləşməsi ilə yaradılan “Ermənistan” blokuna rəhbərlik edəcəyini elan etdi;
– Seçki yaxınlaşdıqca səsvermədə iştirak etmək istəyənlərin sayının artması və qərarsız qalanların seçim etməsi;
– Mövcud hakimiyyətdən uzaqlaşan elektoratın yaddaşında Serj Sarkisyanın dövründəki vəziyyətin Koçaryan hakimiyyəti dövründəkindən daha oyanıq olması;
– Ən əsası müharibədəki məğlubiyyətdən və sərhəd hadisələrindən sonra erməni cəmiyyətində millətçi qanadın “xilas yolu” olması rəyinin güclənməsi: Koçaryan müharibədən sonra “Vətənin xilası” hərəkatında təmsil olunan daşnakları və sərhəd böhranının yarandığı Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Vahe Hakobyanın yaratdığı “Dirçələn Ermənistan” partiyasını yanına almaqla ağıllı oynadı, hərçənd, bu ağılın arxasında Moskvanın olduğu şübhəsizdir;
Paşinyanın son üç ayda 10 faizə qədər səs itirməsi, Koçaryanın onu haqlamasının başlıca səbəbi Zəngəzurda yaşananlardır və Ermənistanda seçkilərin əsas cəbhəsi də bu bölgə olacaq. Koçaryanın dünən Zəngəzura gəlməsi və seçki kampaniyasına buradan başlamaq qərarı da təsadüfi deyil.

Nikol təslim olmayacaq və seçkiqabağı iki istiqamətdə hərəkət edəcəyi gözləniləndir:

Birincisi, seçki kampaniyasında bütün resurslarını rəqib(lər)inə qarşı səfərbər edəcək:
1. İnzibati resurslarla Koçaryanın kampaniyasına əngəl yaradacaq;
2. Tərəfdarlarının gücündən istifadə edəcək, artıq dünən “Ermənistan” blokunun Çarentsavan şəhərindəki seçki qərargahı yumurta atəşinə qonaq edilib;
3. Qarabağ danışıqlarına dair keçmiş hakimiyyətlərin güzəştlərini açıqlamağa davam edəcək: mümkündür ki, öldürücü zərbəni sona saxlayıb;

İkincisi, sərhəd xətti üzrə təxribat hücumlarını intensivləşdirə bilər:
1. Diqqəti seçki atmosferindən yayındırmaq və cəmiyyəti “xarici düşmən”ə qarşı öz ətrafında birləşdirmək istəyəcək;
2. Sərhəd istiqamətində hər-hansı yüksəkliyi götürməklə seçkiöncəki “kiçik qələbə” qazanmağa çalışacaq;
3. Azərbaycan hərbçilərini əsir götürərək, erməni diversantlarla dəyişdirməyə cəhdlər edə bilər;
Sərhəddəki son təxribatlar da bu ehtimalları gücləndirir.

Ermənistanda seçkiöncəsi dövrdə vacib məqamlardan biri də Azərbaycanın prosesinə təsir imkanlarıdır. Sərhəddə baş verənlər Paşinyan hakimiyyətinin səs itirməsi ilə nəticələndi, indi Bakı yenə Zəngəzurdan İrəvandakı seçkini yönləndirə bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button