CəmiyyətManşet

Həbsxanalarda imana tələb azadlıqda olduğundan daha yüksəkdir (MÜSAHİBƏ)

Bakı və Tehran arasında qarşıdurmanın nəticəsi olaraq Azərbaycanda mühakimə edilmiş müsəlmanların sayı artır, onların bir çoxu İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Cəzaçəkmə yerlərində cəza çəkənlərin ümumi sayı arasında radikal müsəlmanların payı artır. Ölkənin penitensiar sistem müəssisələrinin dini radikalizmin ocağına çevrildiyini demək olarmı? Turan suallarla Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalova müraciət edib.

– Son vaxtlar bir çox islah əmək müəssisələrində ibadət evləri yaradılır. Onları kim yaradır və hansı vəsaitlə?

– Bu proses çoxdan və qanuni əsaslarla gedir. Hələ Azərbaycanın Avropa Şurasına üzv olmağa hazırlaşması prosesində, 2000-ci ildə cəzaların icrası üzrə yeni Məcəllə (CİM) tətbiq edilmişdi. Burada əsasən məhkumların vicdan və dini etiqad azadlığına təminat verilib. Onlar istənilən dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququna malikdirlər (maddə 13.1), dini ayinlərin icrasında iştirak etmək (maddə 10.2.8), dini ləvazimatların və ədəbiyyatın istifadəsi, rəsmi qeydiyyata alınmış dini konfessiyaların ruhanilərinin dəvəti (maddə 13.3), o cümlədən ağır xəstə məhbuslara münasibətdə zəruri dini ayinlərin yerinə yetirilməsi hüququna (maddə 13.5) malikdirlər. Bütün bu hüquqlar məhkumların cəza çəkməsilə bağlı Avropa təcrübəsini, əsasən də Avropa Penitensiar Qaydalarının 29-cu maddəsini əks etdirir.

Məhbusları hansısa dinə etiqad etməyə məcbur etmək və ya öz dininə etiqad etməsini qadağan etmək olmaz, bu, ümumqəbuledilmiş norma sayılır. Məişət həyatında isə mümkün olduqca onların dini istəkləri nəzərə alınmalıdır. Bu, təkcə ibadət yerlərinə ziyarətlərə, birgə ibadətlərdə iştiraka, ruhanilərlə görüşlərə aid deyil, həm də dini ədəbiyyatın əldə edilməsi və saxlanmasını, qidalanmada pəhrizi və s. əhatə edir.

CİM-ə uyğun olaraq, ibadət otağı “Penitensiar müəssisələrin daxili intizam Qaydaları”nda sadalanan yaşayış sahəsi yerlərinə daxil edilib (qayda 3.3). Həbsxanalarda və koloniyalardakı digər yerlərdən fərqli olaraq, daxili intizam qaydaları namaz otaqlarının təşkilini tənzimlənmir. Odur ki, müxtəlif penitensiar müəssisələrdə administrasiyanın imkanlarından və fantaziyasından asılı olaraq, bu otaqlar fərqlidir. Bir yerdə adi binada uyğunlaşdırılmış bir otaq, başqa bir yerdə həqiqi məscid, digərində xristian məhbusların ayrıca ibadət otağı var, digər bir yerdə isə onlara müsəlmanlarla ümumi otaqda ibadət etməyə icazə verilir. Bəzi həbsxana məbədlərində Quran nüsxələrinin olduğu şkaf var, bəzilərində kifayət qədər zəngin kitabxana, hətta duaların yazıldığı kompakt-disklər üçün CD pleyer var. Şübhəsiz ki, imkanlı məhkumlar da ibadət otaqlarının qurulmasında iştirak edirlər.

Bütün bu ibadət otaqlarında ümumi olan şey – onlarda həbsxana kapellanının, daim nizam-intizama nəzarət edəcək, mərasimlər keçirəcək, dualar oxuyacaq din xadiminin olmamasıdır.Buna görə də bu cür ibadət yerləri dini məhkumlar, yəni cinayətkarlar tərəfindən idarə olunur.

– Azadlıqdan məhrumetmə cəzasına məhkum olunanların arasında dindarların sayı artıb. Nə qədər çoxdur? Məhbusların arasında müsəlman ayinlərinə riayət edənlərin sayı artır. Nə qədərdir?

– Mən heç bir yerdə dini və qeyri-dini məhbusların nisbəti, eləcə də xristianların, yəhudilərin sayı və s. barədə statistikaya rast gəlməmişəm. Lakin möminlərin sayı müsəlmanların orucu zamanı səhər yeməyi və nahardan imtina edən məhbusların sayına görə təxminən qiymətləndirilə bilər. Administrasiya onlara güzəştə gedir, bunu nizam-intizamın pozulması hesab etmir və axşam iftar üçün onlara yemək paketləri hazırlayır. Bu cür məhbuslar həbsxana “kontingentinin” yarısı qədər, bəzən də daha çox olur. Ancaq nəzərə almaq lazımdır ki, məhbusların əksəriyyətində bu dindarlıq gerçək deyil, həm ölkədə islam dininin ümumi modasını, həm də tamamilə tamahkar marağı əks etdirir. Ümumiyyətlə, dindarlıq əgər məhkumun cinayət ittihamı ilə əlaqəli deyilsə, həbsxana rəhbərliyi tərəfindən peşmanlıq əlaməti, islah göstəricisi kimi qəbul edilir və vaxtından əvvəl azad olmaq üçün şəxsi xarakteristikanı yaxşılaşdırır. Ancaq eyni zamanda, islamın xarici ritual tərəfinə riayət etmək narkotik maddə qəbul etməyə, homoseksual cinsi əlaqəyə girməyə mane olmur və s. Odur ki, dindarların sayının artmasından yox, penitensiar müəssisələrdə ümumi dini fonun artmasından danışmaq daha doğru olardı. Bu, ölkədə ümumi tendensiyadır.

– Penitensiar müəssisələrdə müsəlman icmaları varmı?

– Bu cür icmaların yaradılmasına cəhdlər hər zaman olur, lakin süngülərlə qarşılaşır. Axı mahiyyətcə, bir ideologiya, daxili nizam-intizam, qardaşlıq və əzab kultu ilə birləşmiş liderin (icma rəhbərsiz mövcud ola bilməz) rəhbərliyilə məhkum qrupları həbsxanada paralel hakimiyyətdir. Administrasiyanın nöqteyi-nəzərindən belə icmalar cinayət “bratvası”ndan çox fərqlənmir.

Yadımdadır, əvvəllər Azərbaycanda dini radikalların təqibinin başlanması ilə həbsxanaların birində belə məhbuslar onun hər bir korpusuna öz “əmirlərini” (mahiyyətcə, eyni “paxanlar”, “nəzarətçilər”) təyin etməyə çalışırdılar. Onlar dinə və ölkədə baş verənlərə öz baxışlarını yayırdılar, ümumi ibadətlərə (məhkumlar 1-2 nəfərlik kameralarda otururdular) rəhbərlik etmək üçün “müəzzinlər” rolunda çıxış edirdilər və s. Onların təsiri altında dini məhbuslar cümə ibadətinə icazə tələb etməyə başladılar ki, bu da həbsxana qaydalarında nəzərdə tutulmayıb (koloniyalarda buna icazə verilir). Ancaq sonra məlum oldu ki, bir neçə ay ərzində belə “əmirlər”dən biri Qərb səfirliklərinə hücumun hazırlanmasına mobil telefon vasitəsilə rəhbərlik edib və belə mövzularda müzakirələrə son qoyuldu.

“Müsəlman Birliyi” Hərəkatının əhvalatını da xatırlamaq olar. Koloniyalardan birində cümə ibadətinin iştirakçıları arasında yaradılan hərəkat sonra azadlıqda hüquq-mühafizə orqanları üçün başağrısı yaratdı. 2011-ci ildə azad edilmiş MBH tərəfdarı saytlardan birinə xatırladırdı: “Bizi həbsxanaya gətirəndə namaz qılan 10 nəfər idi, ancaq bizim ruhaninin köməyilə … onların sayı bir neçə dəfə artdı. Hətta icma sutkada iki dəfə birlikdə namaz qılmağa başladı və namaz üçün (məsciddə) boş yer tapmaq olmurdu..”Və nəticədə dünənki həvəskar cibgirlər “islam inqilabı”nın gələcək döyüşçülərinə çevrildilər. Aydındır ki, bu, həbsxana rəhbərliyini narahat etməyə bilməz. Üstəlik, tərbiyəvi işə məsul olan zabitlər XIX əsrə, şəriətə qayıtmağın lazım olduğuna əmin olan möminlərlə işləmək üçün çətin ki kifayət qədər səriştəlidirlər. Burada din xadimi lazımdır, həbsxanalarda isə onu ancaq bayramlarda görürlər.

– Müsəlman birliyi kriminalla birgə necə yaşayır? Kriminal müsəlmanları öz sıralarına cəlb edir, yoxsa əksinə? Kriminal ilə dinin birləşməsindən danışmaq olarmı?

– Radikal müsəlmanların və peşəkar cinayətkarların bir yerdə yaşaması onların seçimi deyil, Cinayət Məcəlləsinin tələbidir. Bizim qanunvericilikdə cinayətkarlara və müsəlmanlara və ya cinayətkarlara və siyasi məhbuslara bölünmə yoxdur. Cinayət Məcəlləsinin maddəsinə əsasən öz cəzanı aldınsa, onu hökmlə təyin olunmuş rejimli koloniyada çəkəcəksən. Orada isə fanatik dindarlar oğru qanunlarının Allaha qarşı olan tərəfdarları, o birilər də öz öz növbəsində, Allah qorxusu olan həyat tərzinin təbliğçilərilə qonşuluq edirlər. Və bıçaqlanmaq həddinə çatmamaq üçün yeganə yol neytrallıqdır.

Məhbusların əsas hissəsi, “oğru qanunları”nın nə xüsusi inananları, nə də tərəfdarı olmayan “mujiklər” isə başqa məsələdir. Onlar islama aid etdikləri “ruh tutanlar”ın hədəfidir. Adi həyatdan qopan adamların həbsxanada olduqları ruh vəziyyəti dini təbliğatın qavranılmasına kömək edir. Burada kriminal və dinin birləşməsindən qismən danışmaq olar. Axı dindar müsəlmanlar təbliğ edirlər ki, öldürmək, oğurlamaq, təcavüz etmək olmaz. Bu baxımdan onlar cinayət həyat tərzinin tərəfdarı ola bilməzlər. Ancaq düzgün həyat tərzi üçün mübarizə aparmaq lazımdır. Və əgər adi bir mömin Allaha inanırsa, radikal başda əsl dindarların olduğu düzgün həyat tərzini quracaq inqilaba inanır. Qalır cinayətkarın ruhundakı zorakılığı lazımi, “düzgün” məcraya – “Allahsız” sistemə qarşı yönəltmək.

Vaxtilə bu yanaşma cinayətkarları və bolşevikləri sosial cəhətdən yaxınlaşdırdı. Bizim dövrümüzdə o, ailələrilə birlikdə Suriyaya getməyə, orada terrorçu dəstələrə qoşulmağa hazır olan dini radikalların sıralarını cinayətkarlarla doldurur.

– İslamın penitensiar müəssisələrə gəlişi dini baxımdan yaxşıdır, ya pis? Adamlar cinayətkar dünyanı tərk edərək müsəlman ümmətinə keçirlər?

– Adamlar sarsılmış ruhla və xəyal qırıqlığı ilə həbsxanaya düşürlər, dində nicat axtarırlar, hətta qaldıqları koloniyada məscid axtarıb tapırlar, halbuki, azadlıqda olanda oraya getmirdilər.Bəs sonra? Məsciddə din xadimi yoxdur, dindəki “zampolit” heç nə başa düşmür, həbsxana müdiri yaxşı xarakteristikanı ancaq özünü dindar kimi aparanlara verir, üstəlik Suriyada olanlar məsciddə cihad haqqında maraqlı şeylər danışırlar…

Vəziyyət Bibliya məsəlini (Matfeydən, 12) xatırladır: “Murdar ruh insandan çıxdığı zaman susuz yerlərdə dolaşır, rahatlıq axtarır və tapmır; o zaman deyir: evimə, çıxdığım yerə dönəcəyəm. Və gəldiyində onu boş, süpürülmüş və təmizlənmiş görür; o zaman gedib özündən pis yeddi digər ruhu özüylə birlikdə gətirir və içəri girib orada yaşayır; və insan üçün də sonuncusu birincisindən daha pis olur. Bu pislklə də belə olacaq”.

Belə bir vəziyyətin nəticəsi nə olacaq? Əgər bir insan islamı qəbul edərsə, böyük ehtimalla ya ikiüzlü, ya da radikal olacaq. Heç bir həqiqi dindarlıqdan söhbət gedə bilməz və çətin ki həbsxanadan çıxdıqdan sonra belə adam müsəlman ümməti üçün yaxşı tapıntı ola bilsin. Odur ki, məhkumların dini maarifləndirilməsini özbaşına buraxmaq olmaz. Bu məsələ hakimiyyət tərəfindən daha dərin, düşünülmüş münasibət tələb edir. Burada Penitensiar Xidmət, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, kilsə və sinaqoq da iş aparmalıdır, – Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov müsahibəni yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button