Dünya

Rusiya hərbiçiləri bu günə qədər Ukraynada 80 000 cinayət törədiblər

Ukraynanın baş prokuroru Andrey Kostin çərşənbə günü ABŞ Konqresində çıxışında bildirib ki, Rusiya ordusunun Ukraynaya hücuma başladığı andan etibarən 80 000 hərbi cinayət faktı qeydə alınıb. Bu günə qədər Ukrayna məhkəmələri hərbi cinayətlərə görə 31 Rusiya vətəndaşını mühakimə edib.

Nümayəndələr Palatasının xarici işlər komitəsi qarşısında çıxış edən Kostin deyib ki, onun ofisi həmçinin cinayətlərin 310 potensial icraçısını müəyyən edib və 152 potensial hərbi cinayətkar barəsində işləri yekunlaşdırıb.

Təkcə Herson vilayətində 13 000 hərbi cinayət qeydə alınıb, 1000-dən çox zərərçəkmiş Rusiya zindanlarında işgəncələrə məruz qaldığını bildirib.

Kostinin sözlərinə görə, Rusiya hərbiçiləri döymə, elektrik cərəyanı ilə işgəncə, su ilə işgəncə, zorlama, cinsi alçaltma və ölüm təhdidlərindən istifadə edib. “Bu, dinc əhalini alçaltmaq və onun müqavimətini sındırmaq üçün edilib”, deyə o bildirib. “Biz təkcə Herson vilayətindən 60-dan çox zorlama hadisəsi qeydə almışıq”.

Daha bir sistemli və kütləvi cinayət oğurluqdur. “Təkcə Hersonda 600-dən çox insanın oğurlandığı qeydə alınıb, onların harada olduğu məlum deyil”, deyə o bildirib.

O, əlavə edib ki, hələ də Rusiya qoşunlarının nəzarəti altında olan rayonlarda sakinləri, o cümlədən uşaqları məcburi olaraq digər işğal edilmiş ərazilərə və ya Rusiya ərazisinə köçürürlər.

Komitə sədri Maykl MakKol deyib ki, Rusiya qoşunlarının nümayiş etdirdiyi amansızlığa diqqət cəlb edilməsi qanunvericilərə və seçicilərə ABŞ-ın Ukraynanı dəstəkləməkdə niyə haqlı olduğunu göstərəcək. “Bu, bəşəriyyətə qarşı cinayətdən daha ağır bir şeydir. Ukraynada müşahidə etdiklərimiz soyqırımdır”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button