Cəmiyyət

“Əbubəkr” sələfi məscidinin adı “Cümə” məscidi olaraq dəyişdirilib.

Cümə axşamı dövlət başçısı İlham Əliyev həyat yoldaşı ilə birlikdə Bakının Nərimanov rayonunda “Cümə” məscidinin yenidənqurma və əsaslı təmirdən sonra açılışında iştirak edib.

Əvvəllər bu məscid “Əbubəkr” məscidi adlanırdı və sunnilərin-sələfilərin əsas məscidi hesab olunurdu.

Məscid 1997-ci ildə Küveytin xeyriyyə fondunun dəstəyi ilə tikilmişdi. Məscidin imamı Qamət Süleymanov onun vəhabilərə məxsus olduğunu inkar edir, sunni məscidi olduğunu iddia edirdi.

2008-ci il avqustun 17-də məsciddə terror aktı törədilib. Axşam saatlarında naməlum şəxs məscidin içinə iki əl bombası atıb. Bu zaman iki nəfər həlak olub, 18 nəfər, o cümlədən imam Qamət Süleymanov yaralanıb.

Hüquq-mühafizə orqanları bu cinayətin törədilməsində İlqar Mollaçayevin (sonradan terrorçu hesab olunaraq məhv edilib) rəhbərlik etdiyi “Meşə qardaşları” dini radikallar qrupunu ittiham edib. Terror aktından sonra məscid təmir adı altında bağlanıb.

Məscidin hazırki statusu məlum deyil. Keçmiş imam Qamət Süleymanov Turan agentliyinə hələ də məscidin imamı olaraq qalıb-qalmadığını təsdiq etməyib. “Yaxın günlərdə hər şey aydın olacaq”, deyə o bildirib.

Lakin məscidin yeni adı və Qamət Süleymanovun onun açılışında iştirak etməməsi ciddi dəyişikliklər olacağından xəbər verir.(Turan)

Bənzər yazılar

Back to top button