Hadisə

Azlux şirkətindən narazılıq: Ağdamda işçilərin əməkhaqlarını gecikdirir

Ağdam rayonunda tikintidə çalışan işçilərin xeyli müddətdir ki əməkhaqları verilmir.

Bu barədə AzFakt.com saytının əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Ağdamda tikinti işləri aparan “Azlux” şirkəti mart ayından indiyədək işçilərin maaşlarını verməyib.

“Mart ayının pulunu almamışıq. Bizə dedilər ki, aprel ayının əvvəlində verəcəyik, amma vermədilər. Vaxtı uzada-uzada aprelin 15-nə çatdırdılar. Dedilər ki, aprel ayının 15-də mart ayının maaşı ilə birlikdə avans da veriləcək, amma yenə də pulumuz verilmədi. Şirkət rəhbərliyindən bir kimsə gəlib pulumuzun indiyədək verilməməsinin səbəbini demir. Hər gün “sabah-sabah” deyə-deyə uzadırlar. İki gündən bir “zabastovka” edirik, yenə də bir kimsə ortaya çıxıb dərdimizi dinləmir”.

Məsələ ilə bağlı “Azlux” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, belə bir problem yoxdur.

P.S. Əldə etdiyimiz yeni məlumatda ötən gün (19 aprel) şirkət nümayəndələrinin Ağdam rayonuna getdiyi, hər bir işçiyə 50-100 manat arası avans verildiyi deyilir.

Bənzər yazılar

Back to top button