ManşetSiyasət

Jurnalistə və vəkilə verilən ittiham üzrə cinayət tərkibi yoxdur

Səməd Rəhimli
Hüquqşünas

Birincisi, hətta səsyazısındakı “məsələlər” faktiki olaraq təsdiqini tapsa belə, verilən ittiham üzrə cinayət tərkibi yoxdur. Çünki jurnalistin (redaktor) “pul qarşılığında” kimisə tərifləməsi/PR-nı aparması görə Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvətalma) tərkibini yaratmır.

Buna əsasən, jurnalistin (redaktor) lehinə/əleyhinə xəbər hazırlaması digər şəxslər üçün hüquqi nəticələr yaradan, yəni hüquq münasibəti yaradan/dəyişdirən/xitam edən fəaliyyət deyil və buna görə də jurnalist (redaktor) ad hoc (bu halda) “vəzifəli şəxs” deyil.

Cinayət Məcəlləsinin 311-ci maddəsi çərçivəsində hüquqi məsuliyyət yaranması üçün cinayət subyektinin vəzifəli şəxs olması tələb edilir.

Ona görə cinayət tərkibi yoxdur. Əgər jurnalistə münasibətdə tərkib yoxdursa, vəkilə münasibətdə də tərkib yaranmır.

İkincisi, hətta istintaqın əlində “digər sübutlar” olsa belə, bu sübutların qanuniliyi (prosessual qanunvericiliyə uyğun əldə edilməsi) indidən mübahisəlidir (bax, Eynulla Fətullayev tərəfdindən yayılma faktoru).

Həmin sübutlardan istifadə özlüyündə ədalət mühakiməsi hüququnun pozuntusu olacaq.

Üçüncüsü, insan hüquqları hüquqşünaslığı ilə məşğul olan vəkilin vəkil peşəsinin bir aspekti kimi insan hüquqlarına aidiyyəti olmayan cinayət işlərinə, o cümlədən korrupsiyada ittiham olunan şəxslərin işinə çıxmasında hər hansı problem yoxdur.

Əgər elə olsa, onda istənilən vəkili niyə filankəsin işinə çıxıbsan deyə damğalamaq olar.

Bundan əlavə, Bangkok prinsiplərinə (1990) əsasən (18-ci bənd) vəkil müvəkkilin işiylə assosasiya edilə bilməz.

Dördüncüsü, bu işdə vəkilə aid ofisdə və mənzildə axtarış aparılıb.

Həmin axtarış indidən prosessual pozuntularla müşayiət edilib.

AİHM standartlarına görə vəkil ofisi yoxlaması daha ciddi yoxlama standartlarına tabedir.

Bu standartlar bu işdə prima facie (ilk baxışdan) pozulub.

Bu hal özü belə vəkillərin vəkillik peşəsinə dair dövlətin (HMO-nun) bu cür yanaşmasına (vəkil ofisinin rahat yoxlanılması) etiraz etməsi üçün yetərlidir.

Bənzər yazılar

Back to top button