GündəmManşetSiyasət

Dövlət Departamenti: Qarabağda sülhün əldə olunması ABŞ üçün böyük əhəmiyyət daşıyır

Cümə axşamı Dövlət Departamenti bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində “dərindən iştirak etməyə” davam edir.

“Ermənistan və Azərbaycan arasında, əsasən Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasının təmin edilməsi dövlət katibi Entoni Blinken üçün əvvəlkitək böyük əhəmiyyət daşıyır”,- mətbuat katibinin müavini Vedant Patel bu həftə Bakı və Yerevanda Vaşinqton nümayəndələrinin diplomatik görüşlərilə bağlı Turan-ın sualını şərh edərkən bildirib.

Bu həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bono, habelə dövlət katibinin köməkçisinin müavini Erika Olson ayrı-ayrılıqda bölgəyə səfər ediblər.

Bakı və Yerevanda danışıqların təfərrüatları ilə bağlı sualın cavabında Patel deyib ki, konkret məlumat verə bilməyəcək. Lakin o xatırladıb ki, bir neçə həftə öncə Münhen Təhlükəsizlik Konfransında dövlət katibinin bu ölkələrin (Azərbaycan və Ermənistan) liderlərilə görüşmək imkanı olub.

“Biz bununla məşğul olmağı fəal şəkildə davam etdiririk… Şöbənin digər əməkdaşları ilə yanaşı cənab Bono da bununla məşğul olmağı davam etdirir”,- Patel deyib.

Patel Turan-ın “Bu həftə danışıqlardan sonra Ermənistan və Azərbaycan nümayəndələrinin daha bir görüşünü gözləmək olarmı” sualına konkret cavabdan yayınıb. “Mən hadisələri qabaqlamayacam, amma əminəm ki, yaxın vaxtlarda sizinlə bölüşmək üçün daha çox məlumatımız olacaq”.

Bənzər yazılar

Back to top button