Cəmiyyət

Naxçıvanda məcburi iməclik qaydaları sərtləşdirilir

Naxçıvanın yeni rəhbəri Fuad Nəcəfli vəzifəyə başladığı ilk günlərdə Vasif Talıbovun təməlini qoyduğu məcburi iməcliliklərin yığışdırılacağına söz vermişdi. Buna ən çox sevinən, 25 ildir iməcilik adı altında istismar olunan müəllimlər, həkimlər və kiçik məmurlar olmuşdu. Lakin, bahar hər il olduğu kimi, bu il də özü ilə onların qara günlərini gətirib. Bu dəfə daha sərt. Yeni rəhbərliyin tapşırığı ilə, hər şənbə və bazar günləri iməcliliyə çıxmayan büdcə təşkilatı işçilərinə aman verilməyəcək. Bu təşkilatlara, iməcilikdən imtina edən əməkdaşları dərhal işdən çıxarmaq tapşırığı verilib. Bu haqda „Gündəlik Naxçıvan“a həmin təşkilatlarda çalışanlar məlumat verib.
Kəngərlidən olan bir qrup büdcə təşkilatı əməkdaşı bildirir ki, rayonun icra başçısı Kamal Ələkbərov iməciliklərin yenidən başlanıldığını elan edib:

„Fuad müəllim gələndə sevindik ki, iməciliklər yığışdırılacaq, əksinə oldu. Onun tapşırığı ilə iməciliklər yenidən başlayıb. Bu dəfə bütün rayonların icra hakimiyyətlərinə qəti tapşırıq verilib ki, hamı bir nəfər kimi iməciliklərə çıxmalıdır. İcra başçısı Kamal müəllim bizi boğaza yığıb. Bütün müəssisə rəhbərlərini, direktorları bir yerə toplayıb, hədələyib ki, yuxarıdan tapşırıq var, bu dəfə heç kim bağışlanmayacaq. Onlar da bizi məcbur edirlər. Əvvəllər belə sərt deyildi. Qara günlərimiz yenidən başladı“.

Babək rayonundakı bütcə təşkilatı işçiləri də iməcilik qaydalarının sərtləşdirilməsindən şikayət edirlər:
“Uzun illərdir ki, istirahər və əmək hüquqlarımız pozulur. Hər il aprel ayından noyabra kimi şənbə və bazar günləri məcburi iməciliyə çıxarılırıq. Bu il daha betər başlayıblar. Rayonun icra hakimi Rasim Hüseyniv qəti tapşırığı ilə hər kəs bir nəfər kimi iməciliyə çıxarılır. Müəllim, həkim bilmədən yol təmizlədib, küçə süpürtdürürlər. Əvvəl biraz yumşaq idi qaydalar. İndi icra hakimi özü gəlib, başımızın üstə dayanır. İmtina edəni dərhal işdən azad edirlər”.

Naxçıvan Muxtar Respublikasındakı digər rayonların büdcə təşkilatları əməkdaşları da eyni şikayətlərlə redaksiyamıza müraciət ediblər.

Bənzər yazılar

Back to top button