Hadisə

Azərbaycanda məktəb çökdü: ölənlər və yarananlar var

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

Bu haqda APA xəbər yayıb.

Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı şəxs reanimasiyaya yerləşdirilib. Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən “Arqument.az”a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Hadisə təmir işləri aparılarkən baş verib. Təfərrüatları barədə açıqlama veriləcək”.

Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.

Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” hesabında yazıb.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur: “Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər”, – deyə açıqlamada bildirilir.

Nazirlik rəsmisi bildirib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bənzər yazılar

Back to top button