İqtisadiyyat

Ekspert: “Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir”

Ölkəmizdə koronavirusun kütləvi şəkildə yayılmasının qarşı almaq məqsədilə profilaktik tədbirləin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyi də sərnişindaşıma ilə məşğul olan şirkətlərə müvafiq tapşırıqlar verib.

“MediaPost”a danışan yol-nəqliyyat eksperti İlqar Hüseynli paytaxtda sərnişindaşımada aparıcı rol oynayan avtobusların dezinfeksiyasının əhəmiyyətini vurğulayıb:

“Epidemiya o vaxt aradan qaldırılır ki, virus əleyhinə kütləvi tədbirlər həyata keçirilsin. Virusun uzunömürlülüyündən asılı olmayaraq dezinfeksiya məhsulları vasitəsilə onları öldürmək mümkündür. Koronavirus hava-damcı yolu ilə yayıldığına görə digər obyektlərlə yanaşı, ictimai nəqliyyatda da dezinfeksiya aparılması çox vacibdir. Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir. Lazımi profilaktik tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq lazımdır”.

Ekspert dezinfeksiya işlərinin həyata keçirilməsi üçün daşıyıcı şirkətlərin texniki və fiziki imkanlarının yetərli səviyyədə olmasının vacibliyinə diqqət çəkib:

“Yəni bu məsələyə fövqəladə hal kimi yanaşmaq, prosesə çoxlu sayda insan cəlb etmək lazımdır. Daşıyıcı şirkətin içilərinin sayı azdırsa, dezinfeksiya işlərini qısa müddətdə başa çatdıra bilməz.

Dezinfeksiya işləri ilə məşğul olan xüsusi idarədəki işçilərin də sayı bu tədbirlər üçün kifayət etmirsə, müəssisələr və daşıyıcı şirkətlər xüsusi aparatlarla təmin oluna bilər. Bu aparatların təlimat qaydalarını başa salaraq avtobuslarda dezinfeksiya işlərini sürətləndirmək mümkündür. Əks halda bu tədbirləri qısa müddətdə həyata keçirmək olmayacaq”.

Bənzər yazılar

Back to top button