Hadisə

Prokurorluq: “Sumqayıt xəstəxanalarında külli miqdarda büdcə vəsaitləri mənimsənilib”

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxslə bağlı istintaq getdiyi bildirilir

Sumqayıt şəhərindəki dövlət tibb müəssisələrində büdcədən ayrılmış vəsaitlərin mənimsənildiyi iddia olunur.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hazırda bu məsələ ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır.

Ehtimal olunur ki, mənimsəmə xüsusən təmir işləri aparılarkən baş verib.

Öncə Hesablama Palatası yoxlama aparıb və büdcə vəsaitlərinin, dövlət əmlakının idarə olunmasında pozuntulara yol verildiyi qənaətinə gəlib.

Həmin materiallar da Baş Prokurorluğa göndərilib.

Hesablama Palatasından daxil olan material əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxslə bağlı istintaq gedir.

Baş Prokurorluğun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button