Cəmiyyət

Lerikdə taxta elektrik dirəklərinə “ölüm kabusu” kimi baxırlar

Lerik rayonu sakini, ictimai fəal Mehdibəy Səfərov deyir ki, rayonun elektrik təsərrüfatı bərbad vəziyyətdədir. Onun sözlərinə görə, keçən əsrin 60-cı illərindən qalmış elektrik dirəkləri çürüyüb, naqillərin istismar müddəti də keçdiyindən yağış yağanda, külək əsəndə qırılır: “Qırılmış naqillər bəzi hallarda insan həyatına təhlükə yaradır. Dəfələrlə inəklərin qırılmış naqillərə dəyərək öldüyünün şahidi olmuşuq”.

“Ölüm kabusu”

O deyir ki, kəndlərdə çürümüş elektrik dirəklərinə “ölüm kabusu” kimi baxırlar. Onun sözlərinə görə, əmisi nəvəsi də elektrik təsərrüfatında olan səhlənkarlığın qurbanı olub: “2015-ci il noyabrın 4-də rayonun Vizəzəmin kəndində qırılmış naqil nəslimizə böyük bir faciə yaşatdı. Sallanmış naqil qoyun-quzu otararkən yolu keçən əmim nəvəsi, 18-yaşlı gənc Elmir Səfərovun həyatına son qoydu. Günahkarlar isə cəzasız qaldı”.

“Elektrik dirəkləri çürüyüb”

Rayonun adının çəkilməsini istəməyən başqa bir sakini də deyir ki, ucqar dağ kəndlərində elektrik xətləri bərbad vəziyyətə düşdüyündən həyat üçün təhlükə yaradır: “Elektrik dirəkləri çürüyüb. Məcbur olub naqillərini ağaca bərkidirik. Elə yerlər var, orada ağac da yoxdur. Özümüz ağacları kəsib basdırırıq, naqili ona bağlayırıq. Qar, yağış yağanda, külək əsəndə çürümüş naqillər tab gətirmir, qırılıb yerə düşür. İnək elektrik naqilinə dəyib ölür. Şikayət edirik, deyirlər düzələr”.

“Lampa, şam işığında qalırıq”

Onun söyləməsinə görə, qəza baş verəndə işıqlar kəsilir, günlərlə işıqsız qalırlar: “Ən çox qəza qışda baş verir. Lampa, şam işığında qalırıq. Siz baxın, işıq yox, yol da bağlı, gənc burada necə qalsın? İnternet evlərin hamısında yoxdur, olanda da zəif olur. Gənclər köçüb gedirlər. Yay aylarında elə də problem olmur. Yollara əl gəzdiriblər…”.

Yazıda səslənən fikirlərlə bağlı rayonun elektrik təsərrüfatına cavabdeh şəxslər və hüquq-mühafizə orqanları ilə danışmaq cəhdləri nəticə verməyib. Amma Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyir ki, rayonun elektrik təsərrüfatını yaxşılaşdırmaq üçün işlər görülür. Lakin o da bildirir ki, bu sahədə problemlər qalmaqdadır: “12 kəndi çıxmaq şərti ilə, digər kəndlərdə vəziyyət o qədər də yaxşı deyil. Yağışlı, küləkli havada ucqar kəndlərə elektrik enerjisinin verilməsində problem olur. O vaxtdan qalan elektrik dirəkləri çürüyüb”.

Onun vurğulamasına görə, rayonun elektrik təsərrüfatına investisiya qoyulması ilə problemlər həllini tam tapacaq: “Elektrikdən dünyasını dəyişən olmayıb, amma mal-qarada hər il tələfat olur”.(Azadliq radiosu)

Bənzər yazılar

Back to top button