Hadisə

Həbsxanada 79 gündür aclıq edən Zamin Salayev koma vəziyyətinə düşüb

79 gündür həbsxabada aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayev 3 gün öncə, aprelin 23-də komaya düşüb. Yalnız ona məcburi sistem köçürüldükdən sonra özünə gəlib. O qida tərkibli maddələrin köçürülməsindən imtina edir.

Bu barədə vəkil Nemət Kərimli aprelin 26-da Salayevlə onun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdükdən sonra Amerikanın Səsinə deyib.

Onun səhhətində ciddi ağırlaşmalar var. Amma Salayev aclığı ədalət bərpa oluanandək davam etdirməkdə israrlıdır.

“O artıq 40 kiloqram çəki itirib. Kifayət qədər arıqlayıb. O görüş otağına iki nəzarətçinin köməyi ilə gətirildi. Amma 100 metrədək yolda Salayev iki dəfə dincəlməli oldu. Yəni hətta kömək vasitəsi ilə də yeriməkdə çətinlik çəkir. Kəskin ağrıları var. Böyrəklərlərində ağrılar var, sümükləri sızıldayır, qan təzyiqi aşağı düşüb. Yuxusuzluqdan əziyyət çəkir”, o qeyd edib.

Vəkilin sözlərinə görə Salayev həkim nəzarətinədir.

“O ayrıca kameraya köçürülüb. Tam həkim nəzarətindədir. ədliyyə işçiləri də nəzarət edir”.

Nemət Kərimli bildirib ki, Zamin Salayevlə bağlı cinayət işinin ilkin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.

Mayın 2-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədlyi ilə hazırlıq iclası olacaq.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Salayevlə bağlı şərh almaq mümkün olmayıb.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

Bənzər yazılar

Back to top button