HadisəManşet

“Azərişıq”ın əməkdaşı: “Prezidentə şikayət yazdığım üçün işdə psixoloji təzyiq görürəm”

Jalə Cavadova işdən çıxarılmaq təhlükəsi ilə üzləşdiyini söyləyir

“Azərişıq”ın Sumqayıt Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) texnik-opreatoru Jalə Əli qızı Cavadova işdə ona qarşı təzyiqlər olduğunu deyir.

Vətəndaş Meydan TV-yə bildirib ki, bu ilin əvvəlində qanunsuz olaraq işdən çıxarılmaq təhlükəsi ilə üzləşib.

Bununla əlaqədar Prezident İlham Əliyevə şikayət məktubu yazıb.

Dediyinə görə, onu işində saxlasalar da, psixoloji təzyiq göstərirlər ki, könüllü ərizə yazaraq işdən çıxsın: “2022-ci ilin noyabrında “Şimal” RETSİ ləğv olundu. İdarə daxilində “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ yaradıldı. Bununla da “Şimal” RETSİ-nin ştatı bölündü və “Xaçmaz” RETSİ-nin nəzdində ştatlar yaradıldı. 2023-cü il fevralın 3-də son iş həftəsi günü- cümə günü saat 16 radələrində gözlənilmədən istismar idarəsinin binasında “Azərişığ”ın heç bir rəhbər nümayəndəsi olmadan qondarma iclas keçirildi. Elan edildi ki, idarənin 123 nəfər işçisi Xaçmaz RETSİ-ndə çalışacaqlar”.

Şikayətçi deyir ki, onlardan təcili ərizə yazmaq tələb olunub: “Bizdən tələm-tələsik ərizə yazmağı tələb etdilər. Siyahıda 123 nəfər Sumqayıtda yaşayan işçi vardı. Xaçmaz RETSİ-nin rəhbəri Taleh Səfərov da bizə dedi ki, mən rəis olduğum müddətdə sizə toxunulmayacaq. Elə yaşadığınız Sumqayıt şəhərindən “Xaçmaz” RETSİ-nin işlərini onlayn idarə edəcəksiniz. Ərizə yazmaqdan imtina etdikdə, kadrların aparıcı mütəxəssisi Gülbacı Dadaşova bizi işdən çıxarmaqla hədələdi. Şərt qoydular ki, ya “Xaçmaz” RETSİ-nə keçin, ya da ixtisar olunacaqsınız”.

Şikayətçi deyir ki, idarə rəhbərliyi bunu işçiləri ixtisara salmaq üçün planlı olaraq edib: “Bu yolla bizə işdən çıxmaq haqqında ərizə yazdırmağa cəhd etdilər. Həmin işçilərin də hamısı yüksək iş təcrübəsi olan adamlardır. Ən az stajı olan mənəm, iş təcrübəm 16 ildir. Məsələ ilə əlaqədar şikayət məktubu yazmaq qərarına gəldim. İdarədə işləyən səkkiz nəfər zərərçəkən qadın da mənə qoşuldu. Məktubu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Nazirlər Kabinetinə, Baş nazir Əli Əsədova, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Əmək Müfəttişliyi Xidmətinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, bir sürətini isə “Azərişıq”ın sədri Vüqar Əhmədova göndərdik”.

Jalə Cavadovanın sözlərinə görə, şikayət məktublarından sonra onları Vüqar Əhmədov qəbul edərək, şikayətlərini dinləyib: “Rəhbərlik tərəfindən bizə irad tutuldu ki, niyə narazılığınızı yuxarılara qədər qaldırmısınız? Gərək, sədrin özünə yazardınız. Halbuki, bizi Xaçmaz bəhanəsilə işdən kənarlaşdırmağa cəhd edəndə, demişdilər ki, rəhbərliyin göstərişidir. Onu da deyim ki, məktubumda bizi ixtisara salmaqları ilə yanaşı, idarədəki digər özbaşınalıq halları, qanunsuzluqlarla əlaqədar da məlumat vermişdim. Görünür, bu da rəhbərliyin xoşuna gəlməmişdi. Vüqar Əhmədovun qəbulunda olanda dedi ki, biz bir ailəyik. Ailənin sözünü kənara çıxarmayın. Mən də dedim ki, əgər biz bir ailəyiksə, niyə bu ailədə hər şey pərakəndədir? Dünən gələn işçi 1500 manat maaş alır. Mən 16 ilin işçisiyəm. Bu illər ərzində niyə maaşım artırılmır?”.

“Vüqar Əhmədov bizi çağırdı, şikayətlərimizi dinlədi. Düzdür, qəbuldan sonra Xaçmaza köçürülmək söhbəti ləğv olundu, biz iş yerlərimizdə qaldıq. Rəhbərliyi dəyişdilər. Lakin prezidentə şikayət məktubu yazdığıma görə işdə yeni rəhbərlik məni sıxışdırmağa, təzyiqlər göstərməyə başladı”, – deyə Cavadova əlavə etdi.

Jalə Cavadova hər gün iş yerində psixoloji təzyiqə məruz qaldığını deyir: “İşdən çıxarılma təhlükəm yarandığı üçün şikayət məktubu yazmışam, haqqımı tələb etmişəm. İşdə saxlasalar da, birinci növbədə gördüyüm işləri əlimdən aldılar. İdarədə istifadəmdə olan ləvazimatlar xarab olsa da, yeniləmirlər. Bunu bilərəkdən edirlər və sonra da gəlib məndən iş tələb edirlər. İdarədə ən aşağı vəzifədə olan və az maaş alan mənəm. Üç ay əvvəl idarəyə yeni işçi götürüblər. Kiminsə adamıdır deyə onu məndən üçqat artıq vəzifəyə götürüblər. Həmin adam min manat əməkhaqqı, maaşının yarısı qədər də mükafat alır. Yəni 1500 manat maaş alır. Amma ona işi də mən öyrədirəm. On altı ilin işçisi olduğum halda bu illər ərzində maaşım bir dəfə də olsun artırılmayıb”.

“Vəzifəmin və maaşımın artırılmasını istədyim üçün hər gün işimi yoxlayırlar, hətta bunun üçün komissiya da təşkil olunub. Komissiya üzvləri Satış üzrə müavin Namiz Məhərrəmov, Balans və itkilərin araşdırılması şöbəsinin bölmə rəhbəri Rəşid Cavadov, Mühasibatlıq şöbəsinin baş mühasibi Anar Hacıyev Kadrlar şöbəsinin Regionlar üzrə mütəxəssisi Nübar Məmmədova, Xidmətlər şöbəsinin xidmət rəisi Əyyar Qasımov, Həmkarlar ittifaqın Komitəsinin sədri Bayram Paşayev, Hüquq idarəsinin aparıcı hüquqşünası Amid Musayevdir”, – şikayətçi deyir.

“Bu adamlar səhər tezdən gəlirlər ki, nə iş görmüsən? Hamısını dəqiqəsinə, saatına qədər yaz. Gəlirlər ki, nə iş görürsünüz ki, hələ bir artıq maaş da istəyirsiniz. Hələ bir vəzifə də istəyirsiniz. Hələ bir rəisə baş qaldırırsınız. İdarənin rəhbəri Həbib Əzizov və müavini Namiz Məhərrəmov başıma oyun açırlar. Deyirlər ki, bizlik deyil. Göstəriş belədir”, – Cavadova danışır.

İşini itirmək qorxusu yaşayan Jalə Cavadova aidiyyəti qurumun məsələyə müdaxilə edəcəyinə ümid edir: “Komissiya hər gün gəlib məni yoxlayır. Bir həftə öncə buna görə idarəyə polis çağırdım. Hər dəqiqə, hər saat işi niyə yoxlayırsan? Bu işi siz qurmusunuz, işçini də siz götürmüsünüz. İşçinin də işini siz bölmüsünüz. Əgər hansısa gün işçinin işi azdırsa, vəzifəsinə görədir. Bu qərəz ancaq mənə qarşıdır. Mən polis çağırandan sonra başladılar ki, guya başqa işçiləri də yoxlayırıq. Sanki “gestapo” rejimində işləyirik”.

“Sumqayıt” RETSİ-ndən zənglərə cavab verilməyib.

“Azərişıq” ASC isə Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Bənzər yazılar

Back to top button