ManşetSiyasət

Deputat Vahid Əhmədovun parlament üzvlərinin qeyri-legitimliyi haqqında müsahibəsi ətrafında qalmaqal

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl Sancaq internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirləri aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirələrə yol açıb.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılması barədə tapşırıq verib.

Jurnalist Mehman Hüseynovun Vahid Əhmədovla müsahibəsində ölkədə işsizlik, seçkilər, sosial məsələlər, penisya, az gəlirlilik və digər məsələlər diqqət mərkəzində olub.

Vahid Əhmədov bildirib ki, xalqın güzəranının yaxşı olduğunu deyə bilməz.

“Biz dövlət olaraq regionlarda işsizlik məsələsini həll edə bilməmişik”.

Onun fikirncə, ölkədə biznes üçün, insanlar üşün, xüsusilə kənd təssərüfatı ilə məşğul olan əhali üçün maliyyə vəsaiti əlçatan deyil.

“Əgər kredit 15-20 fazilə verilirsə, onu alan insan gəlir götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcək. Çünki krediti qaytarmaq propblemi ilə qarşılaşır”, deyə deputat qeyd edib.

Əhmədov deyib ki, ölkə prezidentinin göstərişi ilə işsiz əhali üçün ayda 300 manat olmaqla icra hakimiyyətlərinə vəsait ayrılır.

“Bu vəsait İşsizlikdən Sığorta Fondu xətti ilə əhaliyə çatdırılmalıdır. Amma, baxırıq ki, ilin sonunda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işsizlər üçün ayrılan vəsaitə 56 milyon manat qənaət edildiyini bildirir. Sual edirəm ki, niyə qənaət edirsiniz? İşsiz insana 300 manat yox, bir az artıq vəsait verin, yaxşı dolansın”.

O, Milli Məclisin deputatlarının bizneslə məşğul olmasının qanunla yolverilməz olduğunu bildirib.

“Millət vəkili, dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər bizneslə məğul olurlarsa, istefa verməlidirlər”.

Deputat məmurların gəlir bəyannaməsi verməsinin vacibliyini deyib.

“Milli Məclis on ildən çoxdur ki, gəlir bəyannaməsi ilə bağlı qanun qəbul edib, dövlət başçısı isə Nazirlər Kabinetinə tapşırıq verib ki, gəlir bəyannaməsinin normativ sənədlərini hazırlasın. Bunu həyata keçirmək lazımdır”.

O, hazırda Milli Məclisdə kifayət qədər deputatın bizneslə məşğul oluğunu deyib.

Əhmədov müxtəlif səpkili sosial problemin, o cümlədən işsizlik, maaş, pensiya, pensiya yaşı, qazilərin sosial müdafiəsi sahəsində müzakirə ediləcək məsələlərin olduğunu deyib.

O, deputatlardan xalq tərəfindən seçilən üç nəfərin adını çəkməsi barədə xahişin cavabında deputat Əli Məsimlinin, Qənirə Paşayevanın, özünün və digərlərinin olduğunu bildirib.

“Seçilmək və ya seçmək, hərənin öz seçki dairəsi var. İndi onu mən sizə necə deyim?”, deyə Əhmədov qeyd edib.

Deputat iqtidar-müxalifət məsələsi ilə bağlı suala cavabda deyib ki, Azərbaycanda bir neçə partiya var ki, seçkidə səsləri yığa bilər.

“Onlardan biri Yeni Azərbaycan Partiyasıdır, ikincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, üçüncüsü Müsavat Partiyasıdır və ola bilər ki, REAL Partiyası da müəyyən qədər bu səviyyədə səs yığa bilsin. Mən fikirləşirəm ki, Fazil Mustafa (Böyük Qurtuluş Partiyası) və Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) partiyası da müəyyən qədər səs yığa bilsin. İkincisi də, indi dövlətin apardığı siyasətdə müxalifət olmaq asan məsələ deyil, çətin məsələdir”, deyə o qeyd edib.

Deputat Vahid Əhmədovun müsahibəsi Milli Məclisdə sərt tənqidlərlə qarşılanıb.

Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur.

“Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, deyə o qeyd edib.

Deputat Elşən Musayev qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır.

“Bu insan töhmətə layiqdir. Xahiş edirəm, Milli Məclisin İntizam Komissiyasında bu məsələyə baxılsın”.

Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.

Deputat Ziyafət Əsgərov Əhmədovun “dövlət adamıyam” fikirinə əsaslnaraq deyib: “Dövlət adamı dövlətin yanında olmalıdır. Mehman Hüseynovun, “Xalq Cəbhəsi”nin, “Müsavat”ın yox”, deyə o qeyd edib.

Deputat Səyavuş Novruzov deyib ki, Azərbaycanın əleyhinə iş aparan, iki qardaş olub Azərbaycana qarşı Avropadan olmazın iftiralar yağdıran adamlara Milli Məclsisin deputatının müsahibə verməsinə ehtiyac yoxdur.

“Parlamentdə qeydiyyatdan keçmiş otuzdan çox jurnalistlərimiz, televiziya kanallarımız, o cümlədən internet kanallarımız var. Bir dələduzun birinə hər hansı bir müsahibənin verilməsi, nə təhsili var, nə miliyyəti məlumdur, nə mövqeyi məlumdur, mövqeyi məlumdur, Avropa Şurasına, Avropa dövlətlərinə gedənlər bunun qabağına qaçırlar. Orada müsahibə verirlər. Axı bu, kimdir? Bunun hansı sənəti var? Buna niyə qorxa-qorxa yanaşırsınız? Nədən qorxursunuiz?”, deyə o sual edib.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib ki, Vahid Əhmədov nə edirsə, bilə-bilə edir.

“Deyirsən, üç nəfərdən başqa burada hamısı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Qardaş, adama deyərlər, sən bəyənmirsən oturma, istəmirsən etmə. Sən qəbul etmirsənsə, sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını çıx get. Denən mən bacarmadım özümlə”.

Deputat Fəzail Ağamalı Vahid Əhmədovun müsahibəsini xoşagəlməz adlandırıb.

“Avantürist sualların təsiri altına düşən həmkarımız Azərbaycanda ancaq üç nəfərin parlament seçkilərində ədalətli səs qazandığını önə çəkib, digər parlament üzvlərinin səs almasını şübhə altına alır. Ona görə də mən istəyirəm ki, bu suallara cavab verməsi üçün İntizam Komissiyasının sədr müavini kimi məsələnin İntizam Komissiyasında müzakirəsi üçün imkan yaradasınız”, deyə o, parlamentin sədrinə müraciət edib.

Deputat Hikmət Babaoğlu deyib ki, Vahid Əhmədov müsahibədə deyir ki, Azərbaycanda məmur, oliqarx, biznes, inhisarçı üçbucağı var.

“Bu üçbucağı elə izah edir ki, elə bil Qoqol “Müfəttiş” əsərini yazıb müfəttişlərə necə rüşvət almağı öyrədir. Doğrusu, mən belə anladım ki, Vahid Əhmədov bu üçbucağın, bu dördbucağın içərisindədir. Çünki o, həm oliqarx olub, Azərbaycan baş nazirinin birinci müavini olub, həm millət vəkilidir. O, biznes, inhisar işlərini o qədər dəqiq bilir ki, yalnız bu işlərlə məşğul olan adam bunları belə dəqiq bilər”, deyə o qeyd edib.

Deputat Razi Nurullayev qeyd edib ki, Vahid Əhmədovun fikrincə, burada oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib.

“O zaman nə əcəb özünüzə yaraşdırıb burada oturursunuz? Hətta, hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə onu da dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir”.

Vahid Əhmədov isə bildirib ki, müsahibəsində dövlətin mövqeyini müdafiə edib.

“Bu gün də dövlətin mövqeyini müdafiə edirəm. Bütün çıxışlarımda, istər Milli Məclisdə, istər mətbuatda. Hamıya da aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı dedi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən dövlətimin, millətimin yanında olan bir insanam”, deyə o qeyd edib.

Öz növbəsində, jurnalist Mehman Hüseynov bildirirb ki, deputat Vahid Əhmədovla müsahibədə xalqın problemlərindən, seçkilərdən, Milli Məclsidə oturub bizneslə məşğul olan oliqarx deputatlardan, reytinqi olan siyasi partiyalardan danışılıb.

“Milli Məclisin deputatlarını həqiqət niyə narahat edir? Düşüblər Vahid Əhmədovun üstünə. Bəzi deputatlar isə məni təhqir edib. Mənə maraqlıdır, sözün düzü niyə deputatları belə incidib? Ölkədə sözün düzünü demək bu qədər təhlükəlidir? Səbəb nədir? Deputatlar niyə bu qədər coşublar”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button