Hadisə

Prokuror Zaur Mirzəyevə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzToday.az “Report”a istinadla xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button