Dünya

ABŞ Rusiya FTX-yə və İran İİKK-yə qarşı sanksiyalar tətbiq edib

Cümə axşamı Bayden administrasiyası ABŞ vətəndaşlarının qanunsuz olaraq saxlanılmasına yardıma görə tarixdə ilk dəfə olaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat idarəsinə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Bu gün Rusiyaya, İrana və bütün dünyaya amerikalıların girov götürülməsinin və ya qanunsuz olaraq saxlanılmasının yolverilməz olduğu haqqında mesaj veririk. Onları dərhal azad edin”, deyə prezident Co Baydenin bəyanatında bildirilir.

ABŞ Dövlət Departamenti İİKK-yə “ən az bir ABŞ vətəndaşının xaricdə qanunsuz olaraq saxlanılmasında iştiraka” görə sanksiya tətbiq edib.

FTX “Rusiyada qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşlarının həbsində, təhqiqatında və saxlanılmasında dəfələrlə iştirak edib”, deyə dövlət katibi Entoni Blinkenin ayrıca bəyanatında bildirilir.

ABŞ-ın Maliyyə Nazirliyi də İranda aşağıdakı şəxslərə qarşı sanksiya tətbiq edildiyini elan edib:

— Ruholla Bazqandi, İİKK əks kəşfiyyat idarəsinin əməkdaşı;

— Məhəmməd Kazemi, İİKK komandanı;

— Məhəmməd Mehdi Sayyari, İİKK rəis müavini;

— Məhəmməd Həsən Mohaqeqi, İİKK rəis müavini.

“Rusiyada və İranda bu şəxslər Vaşinqtondan güzəştə nail olmaq məqsədilə ABŞ-a siyasi təsir üçün amerikalılardan istifadə etməyə çalışıblar”, deyə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Öz növbəsində, Blinken qeyd edib ki, ABŞ qanunsuz olaraq saxlanılmış və ya girov götürülmüş vətəndaşlarının azad edilməsi işini “heç vaxt dayandırmayacaq”.

“Bugünki addım alətlərdən biridir və biz insanlarımızı evlərinə qaytarmaq üçün bütün mövcud imkanlardan istifadə edəcəyik”, deyə o qeyd edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button