GündəmSağlamlıq

Səhiyyə sistemi koronavirusun basqısı altında

Ötən həftə jurnalist Qabil Abbasoğlu Facebook-da öz yaxınlarının vəziyyəti haqqında yazıb. 18 qohumu COVİD simptomları ilə ağır xəstədir. Çətinliklə çağırdıqları “Təcili yardım” Aşura gününə (!) və yolun pis olmasına əsaslanaraq uzun müddət gəlməyib.

Yalnız 3 gün sonra – avqustun 5-də təcili yardım həkimləri xəstələrdən nümunə götürüb gediblər. Bundan sonra keçən 4 gün ərzində cavab yoxdur.

13 nəfər ağır vəziyyətdədir, bəzisinin durumu kritikdir. Həkim diaqnoz qoymur, odur ki, heç bir diaqnoz olmadıqda Səhiyyə Nazirliyi müalicə etmir və xəstəxanaya yerləşdirmir…

Digər statuslarda xəstəxanalarda boş yerlərin olmaması haqda yazırlar. Ümumi qənaətə görə, milli səhiyyə sistemi koronavirusun basqısı altında qalıb.

Azərbaycanda hər gün 4 minə yaxın koronavirus xəstəsi qeydiyyata alınır. Həkimlərin çağırılması və test ilə bağlı çətinliklər barədə məlumatları nəzərə alsaq, koronavirus xəstələrinin sayı rəsmi olaraq bildiriləndən daha çoxdur.

Lakin səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev REAL TV-nin sualına cavabında bildirib ki, COVİD xəstəxanalarında yerlərin 50%-dən çoxu tutulmayıb. O, bunu hər bir xəstənin xəstəxanalara yerləşdirilməməsilə izah edib.

Turan agentliyi TƏBİB-ə vətəndaşların koronavirus klinikalarında boş yerlərin olmaması, telefonla təcili yardım çağırmağın mümkünsüzlüyü barədə şikayətlərilə bağlı suallar verib. Birliyin nümayəndəsi Kənan Kərimov sualların yazılı şəkildə təqdim olunmasını xahiş edib. Suallar səhər saat 10:00-da yazılı şəkildə göndərilib. Saat 17.00-dək cavab olmayıb. Qeyd etmək lazımdır ki, KİV haqqında və İnformasiya əldə edilməsi haqqında qanunlarda yazılı müraciət haqqında tələb yoxdur, ikincisi, qanunlar informasiya sahibinin jurnalistlərin sorğularına operativ cavab verməsini tələb edir.

TƏBİB-in nəzərinə çatdırırıq ki, jurnalistlərlə operativ qarşılıqlı əlaqə dövlət qurumlarının öz marağında və ümumi işin mənafeyi naminə olmalıdır.

Bənzər yazılar

Back to top button