Hadisə

Ötən il Azərbaycanda velosipedçilərin vurulması ilə 16 nəfər ölüb

Azərbaycan paytaxtı Bakıda havalar isindikcə bulvar və parklarda velosiped, skuter sürənlərin sayı çoxalır. Onlar xüsusi ayrılmış zolaqlardan istifadə etməlidir. Amma insanların, uşaqların, yaşlıların sıx toplaşdığı, gəzişdiyi yerlərdə onlarla toqquşmalarla bağlı şikayətlər eşidilir.

Bakıda Dənizkənarı Bulvar İdarəsindən “Turan”a bildirilib ki, Milli Parkın ərazisində həm gəzintiyə çıxmış vətəndaşlara, həm də velosiped və skuter sürənlərə istirahət üçün şərait yaradılıb: “Skuter və velosiped sürənlər üçün müvafiq yollar ayrılıb. Onların sürülməsi ilə bağlı icazə verən nişanlar qoyulub”.

İdarədən vurğulanıb ki, insanların sıx gəzdiyi ərazilərdə isə skuter və velosipedlərin sürülməsinə icazə verilmir: “Bunun üçün qadağa nişanları var. Bulvar ərazisində bunları görmək mümkündür. Amma buna baxmayaraq, bəzən vətəndaşlar qadağan olunmuş ərazilərdə velosiped və skuter sürürlər”.

Bildirilib ki, onlara sadəcə xəbərdarlıq edilə bilər: “Bizim başqa tədbir görməyə səlahiyyətimiz yoxdur”.

Dənizkənarı bulvarın uzunluğu 7 kilometrdən çoxdur, amma velosiped üçün ayrılmış zolaq cəmi 1.3 kilometrdir.

Rəsmi məlumatlara görə, 2022-ci ildə velosiped sürənlərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Turan”a bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri təhlükəsizlik qaydalarına riayət edilməməsidir: “Qanunvericiliyin tələbinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. İdarəetməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır”.

Qanunvericiliyin tələblərinin pozulmasına görə velosiped və skuter sürənlər üçün 40 manat cərimə müəyyən edilib.

Hələ 2019-cu ildən velosiped yollarının (zolaqlarının) salınması ilə bağlı prezidentin tapşırığı olub. İlham Əliyevin sərəncamı ilə 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının, duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilməli və bununla bağlı müvafiq tədbirlər görülməli idi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Turan”a “Bakıda velosiped nəqliyyatı” konseptual planının hazırlandığı bildirilib. Vurğulanıb ki, plan Bakı şəhərinin hazırlanan yeni Baş planına da daxil edilib: “İlkin mərhələdə -2027-ci ilə qədər Bakı şəhərində ümumi uzunluğu 63.5 km, 2040-cı ilədək isə 251.2 km olan velosiped yol şəbəkəsinin təşkili planlaşdırılır. Hal-hazırda pilot layihə olaraq şəhərin mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolunun təşkili istiqamətində işlər aparılır. Ümumilikdə 1700 metr məsafədə tikinti işləri yekunlaşıb, daha 650 metr məsafədə isə işlər yekunlaşmaq üzrədir”.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli BNA-nın fəaliyyətinin özünü doğrultmadığını deyir: “Külli miqdarda büdcədən vəsait xərcləndi, amma ciddi nəticələrə gətirib çıxarmadı”.

Ekspertin sözlərinə görə, velosiped zolaqlarının salınması ilə bağlı proqram başa çatdırılmadı: “Tender elan edilmişdi, amma o tender üzrə nə qədər vəsait ayrılıb, əhatə dairəsi nədir, ayrılan vəsaitlə hansı əraziyə velosiped zolaqları çəkilməli idi, bunlarla bağlı ictimaiyyətə heç bir məlumat verilmədi”.

Görülən işlərin yarımçıq qaldığını söyləyən Hüseynlinin fikrincə, Bakını o vəziyyətə gətirib çıxarıblar ki, velosiped yollarını salmaq mümkün deyil: “İnfrastruktur bu yolların salınmasına imkan vermir. Mövcud səkilər enliyinə görə standartlara uyğun deyil və çox dardır. Digər tərəfdən, mağazaları, yeni tikilən binaları o qədər qabağa çıxarıblar ki, səkiləri genişləndirmək mümkün deyil”.

Bənzər yazılar

Back to top button