İqtisadiyyatManşet

Böhran cəngəlliyi

Iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli dünya iqtisadiyyatının ciddi böhranla üzləşdiyini yazır. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, getdikcə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər 2020-ci ildə koronavirus bəlasının doğru idarə edilməməsinin nəticəsidir: “Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya təcavüzü dünya iqtisadiyyatını dizi üstə qoyub. Dünya dilemma ilə qarşı-qarşıya qalıb – ya mərkəzi bankların uçot dərəcəsini artırması yolu ilə kredit faizlərini yüksəldib inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək.

Əksər ölkələr uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq, yenə bir çox ölkədə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

İkinci yolu tutsalar da, nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə elita dəyişikliklərinə səbəb olacaq.

Yəni pandemiya səhvləri, hətta cinayətləri dünya ölkələri elitasının boğazına keçmiş ipdir, çapaladıqca ip daralır, siyasi boğulma çırpıntıları artır.

İyulun 21-də Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıracaq. Bu, avronu nisbətən bahalaşdıracaq, amma 0,25 faiz inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli, ilin sonuna qədər yenə artım olmalıdır. Yaxşı, faiz artımları davam edəndə fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq? Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etməyib, eyni ehtiyatlara malik deyillər. Avropanın cənubunda və şərqindəki ölkələr faiz artımından daha çox zərər görəcək, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdır, amma orada da iqtisadiyyatın bircə faiz daralması böyük ölkələr üçün on minlərlə işsiz, on minlərlə müflisləşmiş şirkətlər deməkdir.

İyulun 27-də ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 və ya 1 faiz artıra bilər, bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə kredit faizlərinin artımı, iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması olacaq.

Bir sözlə, dünya siyasi elitası pandemiya biabırçılığına və Rusiyanın təcavüzünü önləyə bilmədiyinə görə dalana dirənib.

Azərbaycana gəlincə, neft-qaz baha, dollar sabit – amma məmləkətin normal, işlək, rəqabətli iqtisadi model qurmağa cəmi 6-7 il zamanı var. İşlək sistem qurmaq şansı qaçsa, ölkə tarixin və dünyanın küncündə qalacaq”.

Bənzər yazılar

Back to top button