İqtisadiyyatManşet

“SOCAR”-dan Mübariz Mənsimovla bağlı tələb – Şirkətlərinə, bank hesablarına və əmlakına girov qoyulması istəndi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun debitor borclarıyla (Şirkətə digər şirkət və ya vətəndaş tərəfindən ödənilməli olan borc məbləği-red.) bağlı ehtiyat tədbirlərə əl atıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, “SOCAR”-ın vəkili Elif Sevüktekin Ergun 5 aprel 2023-cü il tarixdə İstanbul 27-ci İcra Müdirliyinə müraciət edərək, Mənsimovun şirkətlərinə, bank hesablarına, daşınmaz əmlakına, üçüncü şəxs və təşkilatlara olan debitor borclarına girov qoyulması ilə bağlı vəsatət qaldırıb.

“SOCAR” üçüncü şəxslərdən debitor borcları üçün girov orderi göndərilməsini tələb edib. Həmin şirkətlərin – “TEDAŞ”, “BTCTurk” və “BMZ Group” olduğu bildirilir.

Xatırladaq ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə “SOCAR”, “SOCAR Trading SA”, “SOCAR Overseas Ltd”. və “Azerbaijan Limited” şirkətləri tərəfindən 2018-ci ildə Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə – London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə müraciət olunmuşdu. Nəticədə, hər üç müstəqil arbitraj məhkəməsində “SOCAR”-ın xeyrinə qərarlar verilmiş, Mübariz Mənsimovun “SOCAR”-a 240 milyon ABŞ dollarından artıq pul təzminatı ödəməsi ilə bağlı qərar çıxarılmışdı.

Bənzər yazılar

Back to top button