İqtisadiyyat

Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaq

İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş Rusiya baş nazirinin müavini Aleksandr Novakın mayın 16-17-də Tehrana səfəri zamanı imzalanacaq.

Bu barədə İRNA agentliyi mayın 16-da İranın Moskvadakı səfiri Kazım Cəlaliyə istinadən məlumat yayıb.

İran səfiri bildirib ki, İrana səfəri zamanı Novakı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev, Mərkəzi Bankın sədr müavini və gömrük xidmətinin rəhbəri müşayiət edir.

Cəlali həmçinin qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin başa çatdırılması iki ölkənin prioritetlərindən biridir.

“Şimal-Cənub Dəhlizinin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolunun dəmir yolu baxımından Rəşt ilə Astara arasında 162 kilometrlik çatışmayan qovşaq var. Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Sankt-Peterburqla Fars körfəzi arasında əlaqə yaradılacaq”, deyə İran səfiri qeyd edib.

Cəlali həmçinin bildirib ki, Novakın Tehran səfərindən sonra Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina da gələn həftə İrana gələcək və bu, İran və Rusiya arasında bank əməkdaşlığının genişləndirilməsi üçün mühüm səfərdir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş”ə qoşulub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.(Turan)

Bənzər yazılar

Back to top button