
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının vacibliyini vurğulayıb, eləcədə ABŞ-ın sülh sazişinə dəstəyini davam etdirəcəyini vəd edib, Turan-ın Vaşinqton müxbiri xəbər verir.
Dövlət katibi həmçinin “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini zərbə vurmasından dərin narahatlığını ifadə edib və Laçın dəhlizinin tezliklə kommersiya və şəxsi avtomobillər üçün açılmasının vacibliyini vurğulayıb”. Bu Dövlət Departamentin açıqlamasında bildirilir.
Blinkenin çağırışı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 1-də başlayacaq sülh danışıqları ərəfəsində səslənib. Hər iki nazir Ceyhun Bayramov və Ararat Mirzoyan artıq ABŞ paytaxtına gəliblər və dövlət katibi bazar günü axşam onlarla iş yeməyi təşkil etməyi planlaşdırır.
Turan-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, danışıqların böyük hissəsi Vaşinqtondan kənarda yerləşən Milli Xarici Əlaqələr Təlim Mərkəzində baş tutacaq. Bazar ertəsi Blinken Təlim Mərkəzində nazirlərlə ayrı-ayrılıqda görüşəcək və sonra onların ikitərəfli sülh danışıqlarında iştirak edəcək.