İdman

“Qarabağ”ın “qara qüvvələr”i, və ya Qurbanovu əvvəlcə nüfuzdan, sonra isə taxtdan salmaq planı

Son zamanlar “Qarabağ”ın ətrafında baş verən epizodlar qlobal qarşıdurmanın dərinləşməsindən xəbər verir. Zaman-zaman ölkə çempionunun düşərgəsindən gələn siqnallar bir zəncir halını almadığı üçün bu səpkidə narahatçılığa əsas görülmürdü. Lakin Ağdam təmsilçisinin sıralarında qruplaşmaların formalaşması ən yaxın gələcək üçün ciddi problemlərin baş qaldıracağını aşkar şəkildə ortaya qoyur.

Bir neçə gün öncə fotoqraf Elmir Kərimovun başına gətirilən həngamə barədə ətraflı məlumat yazmışdıq. Doğrudu, bu işi həyata keçirən “Qarabağ”ın “qara qüvvələr”i gənc fotoqraf mövzusunda özlərini təmizə çıxarmaq yolunda bir sıra şantaj addımlara əl atdı. Bu barədə hələ ki ətraflı yazmırıq. Ehtiyac duyulacağı təqdirdə mütləq qaydada hansı üsullara əl atmaları barədə ictimaiyyəti məlumatlandıracağıq. Ancaq Elmir mövzusu dəryada xırda balıq kimi bir şeydi. Başlıca məqsəd isə Ağdam təmsilçisini uzun illərdi çiyinlərində daşıyan Qurban Qurbanovla yolları ayırmaqdı.

İlk baxışdan iddia absurd görünür. Bir əsrə yaxın yaşı olan Azərbaycan futbol tarixində ən güclü məşqçiyə nə veriblər ki, ala bilmirlər? Axı, Qurbanov, köhnə dillə desək, tacir ata-oğul Abdulbari və Tahir Gözəllərə valyuta qazandırır. Ucuz əldə edib Azərbaycan əhalisinə baha ərzaq satmaqla zənginləşən Gözəllərin “klub mətbəxi”ndə icazələri olmadan “qazanında kim çömçə bulaya” bilər? Ümumiyyətlə, 51 yaşlı mütəxəssisə badalaq vurmaqda məqsəd nə ola bilər?

Öncəki abzasda qaldırdığımız sualların cavabları “7 qıfıl arxası”nda gizlənməyib. “Qarabağ”da daxili intriqa yaradanları bir göz qırpımında arxa qapıdan yola salar Gözəllər. Demək ki, baş məşqçiyə qarşı plan ən yüksək səviyyədə cızılıb. İcrası da gah icraçı direktor, gah baş direktor, gah da direktor kimi təqdim olunan Əmrah Çəlikələ həvalə olunub. Çəlikəl üçün belə bir planı həyata keçirmək çoxdankı arzudur. Onun Qurban bəydən xoşu gəlməməsi üçün yetərincə səbəb var. Əvvəla, icraçı/baş direktor A komandasının heç bir transfer məsələsinə müdaxilə edə bilmir. Edə bilsə nə olacaq? Bu sualın cavabını dəyərli oxucularımıza buraxırıq.

Daha bir məqam klub funksionerinin mənəvi təzyiq altında işləməsi ilə bağlıdı. Təsəvvür edin ki, baş məşqçi daxil olmadan onun paltardəyişmə otağına girməsi qadağandır. Sivil klublarda bu, təbii hal olsa da, məlum olduğu kimi, “Qarabağ” peşəkar səviyyədə bir tək A komandasından ibarətdi və ofisdə çalışanların böyük əksəriyyəti ortada yeyib, kənarda gəzənlərdən formalaşıb. Dolayısı ilə Çəlikəlin “mənəvi iztirablar”dan qurtulmaq arzusu “başa düşüləndi”.

Avrokubok matçları zamanı “qara bazar” mexanizminə qarşı illərdi əməli tədbirlərin görülməməsi də cənab Əmraha ünvanlanası suallar içərisindədi. Əlbəttə ki, bir tərəfdən maddi qısqanclıq, digər yandan isə ictimai nüfuz(suzluq) zaqatalalı mütəxəssisə qarşı qısqanclığı maksimal həddə çatdırır. Uzağa getmədən, bu sətirləri oxuyan hər kəs çıxsın küçəyə və qarşısına çıxan 10 nəfərə 2 eyni sualı versin: 1) Qurban Qurbanov kimdi? 2) Əmrah Çəlikəl kimdi? Yəqin ki, respondentlərin heç biri funksionerin kim olmasını bilməyəcək. Bəs Qurban müəllimin?..

Daha bir məqama səthi də olsa, toxunacağıq. Bir neçə gün əvvəl “Qarabağ”ın rəsmi “Facebook” səhifəsində Qədr gecəsinə dair paylaşım edilmişdi. Həmin paylaşım Qurbanovun dini inanclarına uyğun günə təsadüf edirdi. Buna görə də xeyli sayda izləyici “Qarabağ”ı haqlı olaraq kəskin tənqidə məruz qoymuşdu. Ancaq gəlin, sadə məntiqə söykənərək bir neçə məqama diqqət yetirək. Nəyə görə Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsi şiələrin Qədr gecəsini qeyd etdiyi günlərdə “susdu”? Tolerant bir ölkədə belə bir ayrıseçkilik etməkdə məqsəd nədi? Əlbəttə ki, narazılıqların baş qaldırması! Bunu etdirən ilk ağıla gələn şəxs kimdi? Əlbəttə ki, Qurban Qurbanov! Yalnız futbolun bütün qatlarından xəbərdar olan insanlar bilə bilər ki, sosial şəbəkə paylaşımı baş məşqçinin heç yadına da düşmür. Mərhələli şəkildə azərbaycanlı mütəxəssisə qarşı çirkin planlar həyata keçirilir ki, ölkəmizin ən güclü məşqçisi bezsin, iyrənsin və klubdan ayrılsın. Onun nüfuzuna da insanlara şüuraltı təsirlə zərbə endirmək məkrli planın tərkib hissəsi kimi görünür.

Qarşıdakı aylarda bu cür “sağı göstərib, soldan endirilən zərbələr”i hələ çox görə bilərik. Hələliksə yazını bitiririk. Sözügedən plan davam edəcəyi təqdirdə, ifşa yazılarımız real həqiqətləri çılpaqlığı ilə üzə çıxarmaqda davam edəcək.

Sport24.az

Bənzər yazılar

Back to top button