İqtisadiyyat

Xaçmazda qarğıdalı sahəsi susuzluqdan yanır – Şikayət

Xaçmaz rayonunda fermerlərin və yaz əkini aparan kəndlilərin suvarma problemi son günlər daha ciddi şəkil alıb.

Onların min-bir əziyyət və xərc hesabına etdikləri əkin sahələri susuzluqdan bağa yox, daşa dönüb.

Bizim.Media-ya bu barədə Xaçmazın Xudat şəhər sakini Tərlan Adıgözəlov açıqlama verib.

Onun sözlərinə görə, Xudat şəhərinin 3-cü şöbə adlanan ərazisində 2 hektar 20 sot sahədə İtaliyadan və Fransadan gətirilən qarğıdalı sortları əkib.

T. Adıgözəlov, 3 min manat xərç cəkdiyi qarğıdalı sahəsinin indi susuzluqdan çox yararsız hala düşdüyünü deyir:

“İndiyədək iki dəfə suvarılmalı olan sahənin torpağı su görmədiyindən cadar-cadar olub. Suvarma suyunun olmamasından tək o yox, bütün əkin aparan sakinlər əziyyət çəkirlər. Bu problemə rəsmilərdən düz-əməlli cavab da ala bilmirik”.

Xaçmaz rayon suvarma sistemləri idarəsinin rəisi Kamil Əliyev sözügedən problemə münasibət bildirib.

O, sözügedən faktı təsdiqləyərək, Xaçmaz rayonundakı suvarma suyu probleminin hökümət səviyyəsində bütün rəsmilərin xəbərdar olduğunu qeyd edib:

“Bu il yağıntının az olması kanal və çaylarda su qıtlığı yaradıb. Hazırda Samur-Abşeron kanalına saniyədə 1800 litr su verilir ki, bununla paytaxta gedən Taxtakörpü-Abşeron kanalına suyun verilməsi təmin edilir. Şimal bölgəsi rayonlarını suvarma ilə təmin edən Xanarx kanalına suyun verilməsi hələ reallaşmayıb, bu istiqamətdə işlər aparılır”, – deyən K.Əliyev problemin həlli istiqamətində aidiyyəti və yerli qurumlarla işlərin davamlı şəkildə aparıldığını qeyd edib.

Bənzər yazılar

Back to top button