İdman

Azərbaycandan narazı olan Murad Musayev, Rusiyadan xəbərin var?

“Sabah”ın baş məşqçisi şakərindən əl çəkmir. Aqressiv, eqoistdir. Elə bilir ki, Azərbaycanda futbolu heç kim bilmir, bu da dahidir, hər kəs buna səcdə etməli, hesablaşmalıdır. Az qala hər tur hakimlərlə mübahisə edir, qışqırır, yəqin ki, həm də Rusiya mentalitetinə uyğun olaraq söyüş də söyür.

Hətta qələbə qazandıqları oyunlarda da hakimlərdən narazılıq edir.

“Şamaxı”ya qalib gəldikləri oyundan sonra da belə deyib: “Azərbaycanda hakimliklə bağlı böyük problem var”.

Olsun, indi mən bu adama başa salaram, hakimliklə bağlı problemin harada olduğunu.

Murad Musayev hansı ölkədən gəlib? Rusiyadan gəlib. Yəni Murad Musayev Rusiya çempionatdan gəlib. Ümumiyyətlə bu adam öz ölkəsinin çempionatını izləyirmi?. Orada hakimlərin hansı hoqqalardan çıxdıqlarını bilirmi?

Az qala hər oyunda 3-4 qalmaqal. Rusiyalı hakimlər elə səhvlərə yol verirlər ki…. Aşkar penalti təyin etmirlər, heç bir qayda pozuntusu olmadığı halda penalti təyin edirlər, az qala top qapı xətini keçməyəndə də qol qeydə alırlar.

Rusiya mətbuatı hər turdan sonra hakim biabırçılıqları ilə bağlı elə dəhşətli faktlar yazır ki…

Ümumiyyətlə Murad Musayevin diqqətinə çatdırım ki, heç SSRİ vaxtı da ruslardan düz-əməlli hakim çıxmayıb. SSRİ-ni bütün dünyada Musayevin bəyənmədiyi azərbaycanlılar – Tofiq Bəhramov, Eldar Əzimzadə təmsil edib. Murad Musayev, Tofiq Bəhramov, Eldar Əzimzadə rus hakimlərdən 10 baş üstün olmasaydı, şovinistlər onları beynəlxalq arenaya buraxmazdılar. Məcbur olub buraxırdılar. Dişləri bağırsaqlarını kəsə-kəsə barışırdılar bu reallıqla.

Elə bilirsiniz, mənim yazdıqlarımdan Murad Musayev xəbərdar deyil? Elə xəbərdardır. Sadəcə şovinist xisləti belə davranışının qayəsidir. Murad Musayev, haradan, hansı ölkədən gəldiyini yaxşı bilirik. Nəyiniz olub, indi də nəyiniz var, ondan da xəbərdarıq. Arada bir, tez-tez müsahibə verdiyin Rusiya mətbuatında rusiyalı hakimlərin hoqqaları haqda da oxu. Onda utanarsan, azərbaycanlı hakimlərdən üzr istəyərsən.

Yox, burada səhvə yol verdim. Şovinistlərdə utanmaq, üzr istəmək kimi nəcib xüsusiyyətlər olmur.

Bağışla məni, Murad Musayev. Sizin haqqınızda ani də olsa, yanlış düşündüyüm üçün üzr istəyirəm.

P.S. Rusiya çempionatının 25-ci turunda keçirilən “Spartak” – “Rostov” oyunundan (1:1) sonra Rusiya yığmasının sabiq qapıçısı Ruslan Niqmatullin belə deyib: “Spartak” “Rostov”la matçda dirçəldi. Əlverişli hakimlik sayəsində”.

Həmin qarşılaşmada qırmızı vərəqə alan “Rostov”un baş məşqçisi Valeri Karpinin jurnalistə dedikləri: “Hakimlərlə bağlı niyə məndən soruşursunuz, özünüz görmürsünüz nə baş verir? İndi onlar haqqında danışacağam və başqa bir qırmızı vərəqə alacağam”.

Hə, cənab Musayev, hakimliklə bağlı problem harada daha ciddidir, Rusiyada, yoxsa Azərbaycanda?

Natiq Muxtarlı

aut.az

Bənzər yazılar

Back to top button