Siyasət

Sülh prosesi varmı? (MÜSAHİBƏ)

Azərbaycanın Laçın yolunda qurduğu nəzarət-keçid məntəqəsində yüklərlə yanaşı, pasport yoxlanışı da həyata keçiriləcək.

Ermənistanın “Hraparak” nəşri yazır ki, bu məntəqədə təkcə yük maşınlarının yoxlanılması yox, həm də pasportların yoxlanılması da həyata keçiriləcək və bunu birbaşa azərbaycanlı hərbçilər edəcəklər. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisi ya ərazini tərk edəcəklər, ya da Azərbaycanın istədiyini qəbul edəcəklər. Bu, yaxın aylarda baş verəcək”, – nəşr yazır.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə əsaslandırılır. Ermənistan bu ittihamı qəbul etmir.

Bu vaxta qədər Bakı həm də bildirirdi ki, əgər Ermənistan 10 noyabr sənədinə əsasən Azərbaycanı Naxçıvanla birləşdirəcək yolda nəzarət buraxılış məntəqəsi quraşdırmaq istəyirsə, onda Azərbaycan da Laçın yoluna nəzarət haqqına sahib olmalıdır.

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi sülh prosesinə necə təsir edəcək?

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Elman bəy, sizcə, Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması sülh prosesinə necə təsir edəcək?

Cavab: Əsas sual, əslində, budur: sülh prosesi varmı? Diqqət etmiş olsaz görərsiniz ki, Azərbaycan-Ermənistan arasında “sülh” kimi qiymətləndirilən proses 44 günlük müharibədən sonrakı hər razılaşmadan sonra növbəti eskalasiya dövrünü yaşayır. Misal kimi, Moskva danışıqları sonrası Fərrux əməliyyatını, Brüssel danışıqları sonrası sentyabr döyüşlərini, oktyabrda Praqa razılaşmasının kağız üzərində qalmasını və ötən ilin payızından Brüssel prosesin dayanmasını, ardınca da Laçın yolundakı aksiyaları qeyd edə bilərik. Bu hadisələr onu göstərir ki, Ermənistan- Azərbaycan arasında real sülh prosesi yox, Qərb siyasi mərkəzlərinin sülh çağırışlarının imitasiyası fonunda Moskvanın dominantlığında sülhdən yayınma prosesi gedir.

Bu baxımdan Laçın-Xankəndi yolunda qarşılıqlı olaraq Ermənistanın və Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasının sülh danışıqları kimi təqdim olunan prosesə hər hansı təsiri yoxdur. Bu, iki ölkənin sərhədlərinin mühafizəsi istiqamətində atılan addımdır. Sadəcə olaraq Azərbaycanın Qarabağ ermənilərini Ermənistana aparan yolda yoxlama məntəqəsi qurması bir neçə ölkənin haqsız etirazına səbəb olub və bu da insanlarda yanlış qənaət yaradıb ki, Azərbaycana qarşı ciddi beynəlxalq təzyiq olacaqmı?! Bir- iki növbətçi bəyanatları çıxsaq, bu hadisəyə görə Azərbaycana heç bir ciddi təzyiq olmayacaq. Çünki, iki ölkə sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması istər beynəlxalq hüquqa görə, istərsə də ölkələrarası münasibətlərin tənzimlənməsi təcrübəsinə görə hər bir suveren ölkənin atdığı, əslində hətta xəbərə çevrilməyə belə layıq olmayan prosedural hadisədir.

Sual: Bundan sonra Azərbaycan Qarabağın erməni icması ilə münasibətləri necə quracaq? Bu Azərbaycan üçün daha da çətinləşməyəcək ki?

Cavab: Ermənistan tərəfi, az əvvəl qeyd etdiyim “sülhdən yayınma” prosesinin eskalasiyasında bu məsələdən fürsət kimi istifadə edir. Ancaq Azərbaycana qarşı sentyabr döyüşlərində olduğu kimi ciddi beynəlxalq təzyiq yarada bilməyəcək. Bunun iki səbəbi var. Birini yuxarıda qeyd etdim: baş verən hadisə qarşılıqlıdır. Hər iki ölkə, Ermənistan öz tərəfində, Azərbaycan öz tərəfində sərhəd-keçid məntəqəsi qurub və bu iki müstəqil ölkənin suveren hüququdur. İkincisi, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Azərbaycan hakimiyyətinin Qərb siyasi dairələrində geopolitik əhəmiyyəti xeyli artıb. Avropa Birliyi ilə imzalanmış qaz sazişi bunun təzahürlərindən biridir. Yəni son dərəcə adi hesab olunan addıma görə Azərbaycana qarşı sistemli təzyiq siyasətinin tətbiqi həm absurd olardı, həm də belə təzyiqin olmasını istisna edən əks geopolitik şərtlər mövcuddur.

Sual: ABŞ, Fransa, Rusiya Azərbaycanın bu addımından narahatlıq bildirib. Qərb, eləcə də Rusiya Azərbaycana bu addımına görə hansısa təzyiq göstərə bilərmi? Bu Azərbaycanın imicinə hansısa formada mənfi təsir göstərə bilərmi?

Cavab: Bunlar növbətçi bəyanatlardır. Erməni diasporasının beynəlxalq ictimai rəyə, siyasi mərkəzlərə olan təsirlərinin adekvat olmayan, zəif təzahürləridir. Qeyd etdiyim kimi, mən bu hadisəyə görə Azərbaycana hər hansı ciddi təzyiq olacağını gözləmirəm. Amma insan haqlarının ağır durumuna görə, siyasi, media azadlığının tam boğulmasına görə Azərbaycan hakimiyyətinə yönələn sərt tənqidləri hökümət bu hadisəyə bağlama cəhd edəcək.

Sual: ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson regiona səfər etmişdi. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono aprelin 13-dən regionda səfərdə olub. Daha sonra isə Fransanın xarici işlər naziri regiona gəlib. Medianın yazdığına görə, bu səfərlərdə məqsəd sülh sazişi üzrə danışıqlar prosesini intensivləşdirməkdir. Təhlillərə görə, hazırda söhbət Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişindən gedir. Sizcə, bu çərçivə sülh sazişi nədir və orda nələr nəzərdə tutulub?

Cavab: Çərçivə sülh sazişi üzrə Azərbaycanın ötən ilin yayında təklif etdiyi 5 baza prinsipi bunlardır:

Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Və Ermənistan tərəfinin əlavə etdiyi sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sərhəddə təhlükəsizlik təminatları təkliflərindən ibarət ümumilikdə 8 prinsipi ehtiva edir. Ancaq bu prinsiplər üzrə danışıqlarda irəliləyişin əldə olunmasına dair hansısa ümidlər yaranmayıb.

Sual: Hazırda hər hansı bir ülh sazişinin imzalanması üçün şərait varmı?

Cavab: Sülh sazişinin imzalanması üçün həm Ermənistanın, həm də Azərbaycanın ilk növbədə siyasi iradəsi olmalıdır. İkinci növbədə Qafqazda daimi sülhün bərqərarı üçün zəruri olan başlıca məsələ, hər iki ölkənin siyasi hakimiyyətlərinin Kremldən həlledici asılılığı aradan qalxmalıdır. Üçüncüsü, hər iki ölkə xalqı sülhü həzm etməyə hazır olmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistan xalqı Qarabağa olan iddialardan vaz keçməyi, Azərbaycan xalqı Qarabağ erməniləri ilə birgə yaşayışı qəbul etməyi həzm etməlidir. İndiki şərtlərdə mən nə iki ölkə liderinin sülhlə bağlı qəti iradəsini, nə onların Kreml asılılığından tam azad olmalarını, nə də iki ölkə xalqlarının həqiqi sülhü, yəni güzəştlərə əsaslanan gələcəyi həzm etməyə hazır olmalarını görürəm. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin tezliklə imzalanacağına dair gözləntilər əsassızdır.

Sual: Sülh sazişinin imzalanması üçün, eləcə də Xankəndinin Azərbaycanın süveren ərazisi kimi tanınması üçün hansı addımlar atılmalıdır?

Cavab: Yekun sülh sazişinin yaxın gələcəyin mövzusu olmadığını qeyd etdim. O ki, qaldı Xankəndidə Azərbaycanın suverenliyinin bərpası istiqamətində atılacaq addımlara, az əvvəl bəhs etdiyimiz, yeni qurulmuş sərhəd-keçid məntəqəsi bu istiqamətdə atılmış əhəmiyyətli addımdır. Ancaq bütövlükdə suverenliyin bərpasına nail olmaq üçün gərək “sülhməramlı” adlandırılan rus hərbi kontingenti Qarabağ ərazisindən çıxarılsın. Bu baş vermədən, Kremllə sövdələşərək atılan, ilk baxışdan Azərbaycanın maraqları baxımından faydalı görünən addımlar gələcəkdə bumeranqa çevrilə bilər.

Bənzər yazılar

Back to top button