İdman

“Neftçi” ətrafında sensasion gəlişmə – Rövşən Nəcəf Sadıq Sadıqova “hazır ol” dedi

Sadıq Sadıqovun “Neftçi”nin prezident postuna namizədlərdən biri olduğu barədə məlumat vermişdik. “Ağ-qaralar”ın stabil çıxış etməməsi klubun baş sponsoru olan SOCAR-ı bəzi islahatlara sövq edir ki, onlardan biri də klubun rəhbər postu ilə bağlı məsələdir.

Bu məsələ yaxın vaxtlarda reallaşmayacaq. Çünki mümkün namizədlər haqqında araşdırma aparılır.

Aut.az-ın əldə etdiyi məlumata görə, siyahıda yer alan adlardan biri də Sadıq Sadıqovdur. Onun adı SOCAR-ın prezidenti və “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf tərəfindən bu siyahıya daxil edilib.

Onların münasibətləri çox yaxşıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan minifutbol turnirində iştirak edən Dövlət Neft Şirkətinin komandasının idarə edilməsi məhz Sadıqova tapşırılıb. Bu, təsadüf deyil. Çünki Sadıq Sadıqov uzun müddətdir ki, “Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəridir.

Komanda sözügedən turnirdə yarımfinala qədər irəliləyib. Bu da Rövşən Nəcəfi çox razı salıb. SOCAR-ın rəhbəri hətta 1/4 final oyunundan sonra Sadıq Sadıqovla görüşərək, “belə davam edərsə, “Neftçi”ni sənə tapşıracağam” deyib.

Söz yox ki, bu ifadə Sadıq Sadıqova olan inamın göstəricisi və ona ünvanlanan “hazır ol” mesajıdır. Bu vəzifə 57 yaşlı təcrübəli idman funksionerinə heç də yad deyil. Sadıqov 2009-2015-ci illərdə “Neftçi”nin prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə “ağ-qaralar” 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. Paytaxt təmsilçisi 2012-ci ildə Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər yazılar

Back to top button