CəmiyyətManşet

AMEA şefi ilə AAK sədri arasındakı dözüm fərqi- Kim hara qədər?..

VİCDANIN ÇAT VERMƏSİ: VECSİZLİK, BİGANƏLİK...

Qonşu institutda çalışan dosent Bədəsil Əbdülzadə bu gün dəhlizdə mənə yanaşıb hal-əhval tutduqdan sonra dedi: “Müəllim, eşitdim, səhifənizə hücum olub, feyk profillərlə söyüş və təhdid mesajları göndərilib”.

Sirr söyləyəcək kimi səsini qısıb ağzını sağ qulağıma dayayaraq pıçıltı ilə davam etdi: “Yəqin bu işin təşkilatçısı İsa müəllim olar, axı siz onu çox tənqid edirsiniz”.

Deyirəm, ay Bədəsil, mən İsa Həbibbəylini AMEA-da Humanitar Elmlər sahəsi üzrə bir vitse-prezident, indi də AMEA prezidenti kimi, üstəlik, mənəvi borcu olan bir alim-akademik qismində tənqid edirəm. Hesab edirəm ki, o, AMEA-nın vitse-prezidenti, hazırda sözügedən qurumun prezidenti, deputat və s. kimi vəzifə məsuliyyəti, alim-akademik kimi isə, ən azı, mənəvi məsuliyyət daşıyır.

Mən İsa Həbibbəylidən nəinki məlum plagiat kitabda adını Baş redaktor yazanları mükafatlandırmağın, həmçinin ölkə Prezidentinin vaxtilə akademiyaya ayırdığı iki milyonun (hərçənd ki, bu vəsait haqqında Prezident Sərəncamı İ.Həbibbəylinin vitse-prezident olmasından bir neçə ay və ya 1 il əvvəl verilib) taleyini, son 10 ildə dövlətdən iş görmək adı ilə təkcə bir instiut tərəfindən qoparılan yüz minlərlə, milyonlarla qrantların, pul mənimsəmək məqsədilə görülən başdansovdu işlərə külli miqdarda dövlət vəsaitinin xərclənməsinin, namuslu əməyə qiymət verilmədiyi halda, dövlətin pulu ilə nəşr olunan saxta kitabların təqdimatını keçirib dövləti və xalqı aldatmaların, alim adına yaraşmayan fırıldaq və alverin tüğyan etməsinin, dost və qrup maraqlarının təmin edilməsi naminə üzəduran, iftiraçı, riyakar, cibgir, havayı pula dadanmış pensionerlərin elm müəssisəsinə yığılmasının, qeybət və intriqa mühitinin çiçəklənməsinin, dostbazlığın, dəstəbazlığın, elmi mühitdə alim cildinə girmiş işbazların, “dissertant ovu”na çıxıb elmin, mənəviyyatın gözünü kor edən dərəcəli, titullu alim-üləmanın şəbəkələşib milli maraqlar üçün təhlükəyə çevrilməsinin, daha nələr və nələrin hesabını soruşmuşam və soruşmaqdayam. Bütün bu neqativlərin dərdini çəkmək İsa Həbibbəylinin vəzifə borcu və hesab edirəm ki, mənim də bir elm adamı kimi vətndaşlıq borcumdur, hərçənd ki, həqiqətləri söyləməyin müqabilində kasıb və çətin həyat tərzinə qatlaşmalı və Əzraili gözləməkdən məmnunluq duymalı oluram. Axı “həm haqdan deyim, həm də yeyim”in aqibəti heç də yaxşı olmur. Onsuz da ölkə alim riyakarlığından çox əziyyət çəkir…

Danışdıqca dosent B. Əbdülzadə dediklərimi sözbəsöz başı ilə təsdiqləyirdi. Müdaxilə edərək dedi: “İndi yüz faiz əmin oldum ki, sənə söyüş və təhdid mesajları İsa Həbibbəylidən gəlir!”

Dedim, yox, Bədəsil, yanılırsan…

***

Dedim, yox, Bədəsil, yanılırsan. İ.Həbibbəyli haqqında illərdir, tənqid yazıram, hətta efirdə çıxış edirəm, amma onun bu qəbil etik kandarı aşan davranışının (söyüş, təhdid mesajları yazdırmasının) şahidi olmamışam, hərçənd ki, bəzi üzdəniraq akademşəbəkə fəalları belə işləri peşəyə çeviriblər. İ.Həbibbəylinin tənqidə tolerant yanaşması da göz qabağındadır. Hətta bu keyfiyyətindən yararlanıb tənqid qələmini onun üzərində sınayanlar da az deyil. Halbuki o müntəqidlərin qulaqlarının dibində, gözlərinin önündə vecsiz, vicdansız, vəzifəsindən sui-istifadə edib varlanan, dövlət malını yeyən, mülklər yığan, elmi, təhsili bərbad günə qoyan neçə-neçə akademik, rektor, prorektor, institut direktoru və s. var. Zərrə qədər dövlətçilik şüurunuz, milli qeyrətiniz varsa, öz işlədiyiniz müəssisədəki o zorbaları tənqid etməkdən başlayın! Haqq söz deyib haqbaz obrazı yaratmaq xatirinə təhlükəsiz hədəf axtarmayın! Niyə çapıb talayan, tələbənin müəllimin haqqını əzən bosunuz haqqında bir kəlmə demirsiniz? Canınızı alar, hə?! Əlbirsiniz, deyilmi?!

Bəli, onu deyə bilərəm ki, İsa Həbibbəyli, özlərinə zərrə qədər arxayın olmayan digər vəzifə və səlahiyyət bosları kimi kampaniyaçılıq etmir, troll dəsətəsi saxlamır. Hətta ona trolluq etmək istəyənlərə də mənfi cavab verdiyindən xəbərdaram.

Mənim İsa Həbibbəyli ilə ilə heç bir şəxsi problemim olmayıb və yoxdur, əksinə, o şəxs həmişə ünvanıma tərifli sözlər deyib, müəyyən proseduralarda lehimə səs verib, öz sözü ilə desək, mənə həmişə “yaxşılıq” edib. Lap tutaq ki, mənə şəxsən yaxşılıq edib. Məgər bu yaxşılıq ona əsas verir ki, mən dövlət və milli maraqların ayaqlar altına salınmasına, gözümün qabağında büdcənin talanmasına, övladlarımızn “elm” adı altında şikəst edilməsinə və s. lal, kar və kor olum?! Mən işlədiyim qurumda qanusuzluqların baş alıb getdiyini görə-görə həmin qurumun rəhbəri və cavabdeh şəxsi, məsələn, akademik İsa Həbibbəylini tənqid etməyim?! Ona görə ki, mənə “yaxşılıq” edib?! Belə primitiv təfəkkür tərzinə sahib olmağı milli dəyərlərə hörmətlə yanaşan, şərəf və ləyaqəti uca tutan vətəndaş özünə sığışdırarmı?!

Bəlkə Azərbaycan reallığında səhv edirəm? Bəlkə mən də “yaxşılığ”a boyun əyib dəstə və qrup maraqlarına, məhz akademik şəbəkəyə xidmət etməməkdə yanlış yapıram? Əsla! Mən Azərbaycanın – qəbilə təfəkkürlü vəzifəli-vəzifəsiz şəxslərdən xali olmasa da – getdikcə möhkəmlənən DÖVLƏT olduğuna bütün varlığımla inanıram və ona da inanıram ki, gözlər və zehinlər açıldıqca, bəsirətlər nurlandıqca, ağıl və məntiq cilalandıqca belə ibtidai düşüncəli, zibillə və qanla qidalanan barbarlar sıradan çıxacaq, xüsusən, elm və təhsil müəssisələrində, dövlət qurumlarında, ümumən bütün ölkədə sivil və demokratik dövlətçilik şüuru zəfər çalacaq!

P. S. Dosent Əbdülzadəyə xatırladıram ki, söyüş və təhdid mesajları ilə 2021-ci ilin may ayında və 2023-cü ilin aprel ayında qarşılaşmışam. Hər iki hal Ali Attestasiya Komissiyasının sədri Famil Mustafeyev barəsində tənqidi yazı yazdıqdan dərhal sonraya təsadüf edir. Hətta AAK sədri barəsindəki sonuncu tənqidi yazım sayta getdikdən bir neçə saat sonra dərhal yığışdırtırılıb (18.04.23). Halbuki kontrastiv yanaşma sərgilənən o yazıda həqiqətləri görməyə çağırış var idi…

İdris Abbasov – professor

dia.az

Bənzər yazılar

Back to top button